Azərbaycan və İsrail ikitərəfli əməkdaşlığın daha da genişləndirilməsi üçün böyük potensiala malikdir (ÖZƏL)

Cəmiyyət Materials 1 May 2026 16:04 (UTC +04:00)
Azərbaycan və İsrail ikitərəfli əməkdaşlığın daha da genişləndirilməsi üçün böyük potensiala malikdir (ÖZƏL)
Alyona Pavlenko
Alyona Pavlenko
Bütün xəbərlər

Xankəndi. Trend:

Azərbaycan və İsrail ikitərəfli əməkdaşlığın daha da genişləndirilməsi üçün böyük potensiala malikdir.

Bunu Trend-ə İsrailin Azərbaycandakı səfiri Ronen Kraus Şərqi Zəngəzur və Qarabağ səfəri çərçivəsində bildirib.

“Münasibətlərimiz əla səviyyədədir və düşünürəm ki, ikitərəfli əməkdaşlığın daha da genişləndirilməsi üçün böyük potensialımız var. Bir neçə ay əvvəl nazirimizin Azərbaycana səfəri baş tutdu və bu səfər çərçivəsində bir çox ideya və layihələr müzakirə edildi. Hazırda biz artıq onların həyata keçirilməsi mərhələsindəyik”, – deyə səfir bildirib.

R.Kraus qeyd edib ki, bu həftə səfirliyin tərəfdaşlarla birgə təşkil etdiyi tədbir keçirilib və bu çərçivədə uşaqlar üçün xüsusi hazırlanmış 60 ədəd əlil arabası təqdim olunub.

“Biz ehtiyacı olanlara dəstəyimizi davam etdiririk. Bundan əlavə, iqtisadiyyat, ticarət və qarşılıqlı maraq doğuran bir çox digər sahələrdə layihələr həyata keçirir və məsləhətləşmələr aparırıq”, – deyə diplomat bildirib.

R.Kraus əlavə edib ki, bu, onun Qarabağa artıq üçüncü səfəri, Xankəndi və Xocalıya isə ilk səfəridir.

“Biz buraya gəlməzdən əvvəl Xocalıda olduq. Qısa müddət ərzində gördüyünüz işlər, tikinti və bərpa işləri sadəcə inanılmazdır”, – deyə səfir vurğulayıb.

Qeyd edək ki, mayın 1-də Azərbaycanda akkreditə olunmuş diplomatik korpus nümayəndələrinin Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin müşayiəti ilə Şərqi Zəngəzur və Qarabağa səfəri başlayıb.

Səfərdə 62 ölkə və beynəlxalq təşkilatdan 150-dən çox səfir, diplomat, hərbi attaşe və digər nümayəndə iştirak edir.

Səfər Xankəndi şəhərini, həmçinin Xocalı, Şuşa və Laçın rayonlarını əhatə edir və iki gün davam edəcək.

Səfər çərçivəsində iştirakçılar bölgədə aparılan yenidənqurma və bərpa işləri ilə yerində tanış olacaq, həmçinin sosial və iqtisadi əhəmiyyətli obyektləri ziyarət edəcəklər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti