Bakı. Trend:
Bakı Biznes Mərkəzində II Beynəlxalq Xalça Forumu çərçivəsində “Dizayn, kolleksiyalar və məhsulun inkişafı” mövzusunda birinci sessiya keçirilib.
Trend xəbər verir ki, sessiya zamanı iştirakçılar ənənəvi sənətkarlığın qlobal bazara yönəlmiş müasir məhsula transformasiyasının əsas istiqamətlərini müzakirə ediblər. Sessiyanın moderatoru sənətşünas və kommunikasiya üzrə mütəxəssis, regional korporativ kommunikasiyalar üzrə rəhbər, MGİMO-nun müəllimi Olqa Latışeva olub.
İlk məruzə ilə belçikalı müasir tekstil rəssamı Laurin Malengro çıxış edərək sənətkarlıq nümunələrinin beynəlxalq səviyyəli müasir incəsənət bazarının obyektinə necə çevrilə biləcəyindən danışıb.
Daha sonra Meksikadan olan professor, doktor Mariya del Karmen Avendano Rito – konservasiya sahəsində tədqiqatçı və Meksikanın Milli Tədqiqatçılar Sisteminin (SNI) üzvü – tekstil ənənələri, identiklik və onların müasir qlobal kontekstdə aktuallığı mövzusunda məruzə təqdim edib.
Mərakeşdən olan La Maison de l’Artisan təşkilatının baş direktoru Tarik Sadik sənətkarların institusional dəstəyi və dəyərin yaradılması sahəsində təcrübəsini bölüşərək xalça sənayesinin inkişafında struktur modellərin əhəmiyyətini vurğulayıb.
Beynəlxalq Muzeylər Şurasının (ICOM) vitse-prezidenti, BƏƏ-dən olan Naser əl-Darmaki müasir dünyada xalçanın qlobal brend kimi formalaşmasında və mədəni irsin qorunmasında muzeylərin rolunu qeyd edib.
Sessiyanı İtaliyadan olan xalça və qobelen üzrə ekspert, sertifikatlı qiymətləndirici Luka Emilio Brankati yekunlaşdırıb. O, xalça sənayesində dəyərin brendinq, storitellinq və beynəlxalq bazarlara çıxış vasitəsilə yaradılmasından bəhs edib.
Sessiya qlobal iqtisadiyyat şəraitində xalça sənətinin inkişafının yeni modellərinin müzakirəsi və praktik təcrübə mübadiləsi üçün mühüm platformaya çevrilib.
Qeyd edək ki, Beynəlxalq Xalça Forumu 1–3 may tarixlərində “Azərxalça” ASC və “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin təşkilati dəstəyi, Azərbaycan İqtisadiyyat Nazirliyi və İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin (AZPROMO) dəstəyi ilə keçirilir.
“Xalça sənayesi: dəyərin yaradılması, brendinq və qlobal bazara inteqrasiya. Mədəni irsdən rəqabətqabiliyyətli qlobal məhsula” mövzusuna həsr olunmuş forum xalça sənayesi üzrə aparıcı beynəlxalq ekspertləri, dizaynerləri, istehsalçıları, tədqiqatçıları, ixracatçıları və yaradıcı sənaye nümayəndələrini bir araya gətirib.
Tədbir möhtəşəm festivalın – mədəni marafonun yalnız başlanğıcı olacaq. Artıq 2–3 may tarixlərində Bakının tarixi mərkəzi – İçərişəhər canlı xalça məkanına çevriləcək. Əsas məqsəd Azərbaycan xalçaçılığını dünya səhnəsində təqdim etmək, onun zəngin irsini və inkişaf perspektivlərini nümayiş etdirmək, həmçinin dünyanın müxtəlif ölkələrindən olan xalçaçıların təcrübə və bacarıqlarını öyrənməkdir.
Qeyd edək ki, Azərbaycan xalçaçıların peşə bayramı – Xalçaçı Günü münasibətilə keçirilən Xalça Festivalı bu il həm də “Azərxalça” ASC-nin 10 illik yubileyi ilə üst-üstə düşür.
Tədbirlər haqqında daha ətraflı məlumatı https://bakucarpetfest.az/2026/ linkindən əldə etmək olar.
İnformasiya dəstəyi – Trend.Az, Day.Az, Milli.Az, Azernews.Az
