Laçın.Trend:
Şuşa bizə çox xoş təsir bağışladı.
Trend xəbər verir ki, bunu Niderlandın Azərbaycandakı səfiri Marian de Yonq Şərqi Zəngəzur və Qarabağ səfəri çərçivəsində jurnalistlərə verdiyi açıqlamada deyib.
“Bu, mənim Qarabağa ikinci səfərimdir. (Səfir vəzifəsinə – red.) təyin olunduqdan sonra da bölgə ilə tanış olmaq imkanım yarandı və bu səfər məndə güclü təəssürat yaratdı. Bu gün isə biz tamamilə fərqli obyektlər spektrini gördük. Hər şey kifayət qədər təsirlidir”,- deyə səfir bildirib.
O vurğulayıb ki, Niderland su ehtiyatlarının idarə olunması, nəqliyyat əlaqəliliyi və kənd təsərrüfatı kimi sahələrdə Azərbaycanla əməkdaşlıq imkanlarının araşdırılmasına açıqdır.
“Biz gələcək əməkdaşlığı nəzərdən keçirməkdən məmnunuq”, - deyə Marian de Yonq əlavə edib.
Qeyd edək ki, 1 may 2026-cı il tarixində Azərbaycan Respublikasının Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin müşayiəti ilə Azərbaycanda akkreditə olunmuş diplomatik korpus nümayəndələrinin Şərqi Zəngəzur və Qarabağa səfəri başlayıb. Səfərdə ümumilikdə 62 ölkə və beynəlxalq təşkilatı təmsil edən 150-dən çox səfir, diplomat, hərbi attaşe və digər nümayəndə iştirak edir.
Bu səfər diplomatik korpus nümayəndələrinin işğaldan azad olunmuş ərazilərə sayca iyirmi birinci səfəridir. Bu cür səfərlər həyata keçirilən layihələrin miqyası və əldə olunan nəticələr barədə obyektiv təsəvvürün formalaşdırılması baxımından mühüm əhəmiyyət kəsb edir.
Səfərin ikinci günündə diplomatik korpusun nümayəndələri Laçın rayonuna da baş çəkiblər.
