Bakı. Trend:
Heydər Əliyev Fondunun təşəbbüsü ilə bu gün keçirilən “Bakı Marafonu 2026” təkcə idman tədbiri kimi deyil, həm də genişmiqyaslı əyləncə proqramı kimi yadda qalacaq. Bu il “Bakı Marafonu 2026”da idmanla böyük şəhər festivalı arasındakı sərhədi silmək qərara alınıb və görünən odur ki, bu məqsədə nail olunub.
Trend xəbər verir ki, səhər saatlarından etibarən Dövlət Bayrağı Meydanı canlı, enerjili mərkəzə çevrilib: minlərlə qaçışçı, media nümayəndələri, diplomatlar, mədəniyyət və elm adamları – hamısı ilin ən parlaq tədbirlərindən birinin bir hissəsi olmaq üçün burada toplaşıb.
Qeyd edək ki, 2016-cı ildən etibarən Bakıda ənənəvi olaraq 21 km-lik yarımmarafon keçirilirdi, lakin bu il ilk dəfə olaraq yarış 42 km-lik tam marafon formatında təşkil olunur. Əvvəlki illərdə olduğu kimi, start Dövlət Bayrağı Meydanından verilib, finiş isə bu dəfə “Sea Breeze” ərazisində yerləşəcək. Bu il həm də əyləncə proqramının miqyası ilə fərqlənir.
Lakin bu marafon təkcə kilometr və saniyələrdən ibarət deyil. Bu, atmosferdir. Bir günlüyə səhnəyə çevrilən şəhərdir.
Startdakı fan-zona axşama qədər canlı qalır: açıq səhnə, musiqi, alqışlar və günün ruhunu əks etdirən şüar – “Qaçmasan belə, əyləncəni qaçırma”. Yarışın start nöqtəsində həm qaçışçılar, həm də tamaşaçılar üçün axşama qədər maraqlı anlar yaradılıb. Burada açıq hava konsert proqramı sevilən ifaçıların iştirakı ilə təqdim olunur.
Səhnədə ölkənin musiqi palitrası canlanır: Aygün Kazımova, Tünzalə Ağayeva, Lalə Məmmədova, Manana Caparidze, Azad Şabanov, Ceyhun Zeynalov (Cin), Elnara Xəlilova, Emilija Yaqubova, Farid Eminov (Qurd), Xatirə İslam, İlqarə Kazımova, İradə İbrahimova, Kazım Can, Mehin Qumbatova, Metin Hüseynzadə (MadTeen), Hiss, Rilaya, Samira Ali Maryam, Sevanna, “Cahan”, Naz Girls, “Şeron” qrupları, DJ China (Çingiz Mustafaev), həmçinin “Eurovision” ulduzları – Dilarə Kazımova, Eldar Qasımov, Nadir Rüstəmli, Nigar Camal, Samira Əfəndi və digərləri.
Marafonun finiş nöqtəsində də səhərdən etibarən idmançılar və qonaqlar üçün əyləncə proqramı təqdim olunur: DJ Came, MeryBand, Ellai, maskotlar, maraqlı foto zonalar, könüllülər – iştirakçıları qarşılayaraq finiş anını əsl şouya çevirirlər. Burada yorğunluq emosiyalarla əvəz olunur, hər finiş isə kiçik fərdi qələbəyə çevrilir.
Marafonun marşrutu Bakının özünəməxsus səyahətidir: Dənizkənarı Bulvardan Neftçilər prospektinə, Ağ şəhərdən Heydər Əliyev prospektinə, əsas magistrallardan sahil istiqamətinə qədər uzanır. Məsafə boyunca 20 əyləncə və motivasiya nöqtəsi, su təminatı, tibbi yardım və iştirakçıları irəli aparan dəstək mövcuddur.
Marafonun coğrafiyası da genişdir: ABŞ, Almaniya, Böyük Britaniya, Çin, Gürcüstan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Rusiya, Türkiyə, Ukrayna və digər ölkələrdən idmançılar qələbə uğrunda mübarizə aparır. Eyni zamanda marafon inklüziv xarakter daşıyır – fiziki məhdudiyyətli şəxslər və Daun sindromlu iştirakçılar da yarışda yer alır.
Mükafatlar da yüksəkdir: 1-ci yer – 6000 manat, 2-ci yer – 4000 manat, 3-cü yer – 2000 manat. Bundan əlavə, məsafəni tam qət edən bütün iştirakçılara medal veriləcək. Qısa məsafələri tamamlayan iştirakçılar üçün də xüsusi mükafatlandırma nəzərdə tutulub. Belə ki, 42 km məsafəni tam başa vura bilməyən, lakin 21 km yarımmarafonu tamamlayan ilk 2000 iştirakçı medal, 10 km məsafəni başa vuranlar isə sertifikat alacaqlar.
Bundan başqa, birinci finişə çatan tələbə oğlan və qız, ilk korporativ iştirakçı (kişi və qadın), eləcə də finiş xəttini keçən ən yaşlı kişi və qadın iştirakçılar da mükafatlandırılacaq.
Bu il Bakı sadəcə marafona ev sahibliyi etmir – onu yaşayır. Əgər əvvəl bu, sırf idman tədbiri idisə, indi tam bir şəhər festivalıdır: hər kəsin öz məsafəsini tapdığı və ya sadəcə musiqi, hərəkət və həyatla dolu bir günü yaşadığı bir tədbir.
