Laçın.Trend:
Laçın "yaşıl" siyasətin tətbiqinin nümunələrindən biridir.
Bunu Moldovanın Azərbaycandakı səfiri Aleksandr Yesaulenko Şərqi Zəngəzu və Qarabağ səfəri çərçivəsində Trend-ə bildirib.
“Burada sürətlə həyata keçirilən genişmiqyaslı infrastruktur layihələrini görmək çox xoşdur. Söhbət həm yol infrastrukturundan, həm də insanların, o cümlədən tarixən bu bölgədə yaşamış və artıq müasir texnologiyaların tətbiqi ilə tam bərpa olunmuş evlərinə qayıtmaq imkanı əldə etmiş sakinlərin rahat yaşayışı üçün yaradılan şəraitdən gedir",- deyə səfir bildirib.
Yesaulenko qeyd edib ki, Laçın “yaşıl” siyasətin tətbiqinin nümunələrindən biridir.
“Buranın havası tamamilə təmizdir, ekoloji vəziyyəti əladır. Hər şey ən yüksək səviyyədə təşkil olunub”,- deyə diplomat əlavə edib.
Qeyd edək ki, mayın 1-də Azərbaycanda akkreditə olunmuş diplomatik korpus nümayəndələrinin Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin müşayiəti ilə Şərqi Zəngəzur və Qarabağa səfəri başlayıb.
Səfərdə ümumilikdə 62 ölkə və beynəlxalq təşkilatı təmsil edən 150-dən çox səfir, diplomat, hərbi attaşe və digər nümayəndələr iştirak edirlər.
İki gün davam edəcək səfər Xankəndi şəhərini, həmçinin Xocalı, Şuşa və Laçın rayonlarını əhatə edir.
Səfər zamanı iştirakçılar regionda aparılan yenidənqurma və bərpa işləri ilə yerindəcə tanış olmaq, habelə sosial və iqtisadi əhəmiyyətli obyektləri ziyarət etmək imkanı əldə edəcəklər.
