Bakı. Trend:
Heydər Əliyev Beynəlxalq Aeroportu Bakı–Lahor marşrutu üzrə
“Airblue” aviareyslərinin istifadəyə verilməsi ilə beynəlxalq
tərəfdaşlıq şəbəkəsini genişləndirir. Pakistanın aparıcı
aşağıbüdcəli aviaşirkətlərindən biri olan “Airblue”nun Bakı
bazarına daxil olması Azərbaycan ilə Cənubi Asiya arasında hava
əlaqələrinin inkişafında mühüm mərhələ kimi qiymətləndirilir.
Heydər Əliyev Beynəlxalq Aeroportunun mətbuat xidmətindən
Trend-ə verilən
məlumata görə, yeni marşrut üzrə uçuşlar həftədə iki dəfə –
çərşənbə axşamı və bazar günləri həyata keçiriləcək. Bu isə
sərnişinlər üçün daha çevik planlaşdırma imkanları yaradır, eyni
zamanda Bakı ilə Lahor arasında səyahəti daha əlçatan və rahat
edir.
Bakı–Lahor istiqaməti artıq “Azərbaycan Hava Yolları” (AZAL) və
“Pakistan International Airlines” tərəfindən də icra olunur.
“Airblue” aviaşirkətinin bu marşruta qoşulması bazarda rəqabəti
gücləndirir, ümumi sərnişin tutumunu artırır və artan tələbatın
qarşılanmasına xidmət edir.
Qeyd edək ki, Heydər Əliyev Beynəlxalq Aeroportu beynəlxalq marşrut şəbəkəsini genişləndirməklə Azərbaycanın regional aviasiya mərkəzi kimi mövqeyini daha da möhkəmləndirməyə davam edir.
