Bakı. Trend:
Vətən müharibəsində şəhidlik zirvəsinə yüksələn mayor Məmmədov Anar Elşad oğlunun əziz xatirəsinə həsr olunmuş anım tədbiri keçirilib.
Bu barədə Trend-ə Müdafiə Nazirliyindən məlumat verilib.
Həzi Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzində keçirilən tədbirdə Müdafiə Nazirliyinin əməkdaşları, ictimaiyyət nümayəndələri, şəhidin ailə üzvləri, yaxınları və döyüş yoldaşları iştirak ediblər.
Əvvəlcə Ulu Öndər Heydər Əliyevin, eləcə də Vətən uğrunda canlarından keçmiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Dövlət himni səsləndirilib.
Tədbir iştirakçılarına mayor Anar Məmmədovun nümunəvi xidməti və döyüş yolu haqqında ətraflı məlumat verilib.
Anım mərasimində çıxış edənlər şəhidimizin döyüşlərdə göstərdiyi qəhrəmanlıq və şücaətlərindən söz açıblar.
Sonda şəhidin ailə üzvləri və yaxınları göstərilən diqqət və qayğıya, həmçinin şəhidlərimizin xatirəsinin daim uca tutulduğuna görə Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya, həmçinin Müdafiə Nazirliyinin rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.