Bakı.Trend:
Əczaçılıq sektorunun rəqəmsallaşması tədbirləri çərçivəsində Elektron resept platforması istifadəyə verilib. Paralel olaraq, mərhələli şəkildə Təqib və İzləmə Sisteminin tətbiqinə başlanılıb.
Trend xəbər verir ki, bu fikirləri Səhiyyə Naziri Teymur Musayev “Azərbaycan Əczaçılıq Sənayesi: Dünən, Bu Gün və Sabah” II Beynəlxalq Konfransda çıxışı zamanı deyib.
Nazir qeyd edib ki, ilkin mərhələdə psixotrop və güclü təsir edən dərman vasitələrinin izlənilməsi həyata keçirilib. Qısa müddət ərzində ölkə üzrə tibb müəssisələri, topdan və pərakəndə satış əczaçılıq müəssisələri Sistemə inteqrasiya olunaraq koordinasiyalı fəaliyyət təmin edilib:
“Sistemin başlıca vəzifəsi əhalinin sağlamlığının qorunması olmaqla yanaşı, nəzarət orqanları üçün effektiv nəzarət mexanizmi rolunu oynayır, sahibkarlar üçün biznes proseslərini asanlaşdırır, bununla da səhiyyə sistemində səmərəliliyi əhəmiyyətli dərəcədə artırır. Əczaçılıq sektorunda baş verən ardıcıl və sistemli islahat tədbirləri əczaçılıq təhsilinin təkmilləşdirilməsini, təhsil proqramlarının müasir çağırışlara uyğunlaşdırılmasını zəruri edir.
“Səhiyyə Nazirliyi tərəfindən təsdiq edilmiş Əczaçılıq
təhsilinin İnkişaf Konsepsiyasına uyğun olaraq, Azərbaycan Tibb
Universitetinin əczaçılıq fakültəsi əczaçılıq sahəsində
respublikada aparıcı elmi tədqiqat mərkəzinə çevrilib. Elmi
tədqiqat işlərinin aparılması məqsədilə “Əczaçılıq kimyası”
kafedrasının nəzdində Azərbaycan Elm Fondunun dəstəyi ilə müasir
əczaçılıq laboratoriyası qurulub. Əczaçılıq fakültəsi tələbələrinin
tədris istehsalat təcrübəsinin keçirilməsi üçün respublikada
fəaliyyət göstərən əczaçılıq müəssisələri tədris təcrübə bazaları
kimi istifadə olunur”, - nazir vurğulayıb.
T.Musayev bildirib ki, ötən il Azərbaycan Tibb Universiteti,
"Scandens", Macarıstanın Peç Universiteti və "Panon Pharma" şirkəti
arasında imzalanmış dördtərəfli Memorandum çərçivəsində əczaçı və
qeyri-əczaçı ixtisasları üzrə qısa və uzunmüddətli təlim və təcrübə
proqramlarının həyata keçirilməsi nəzərdə tutulur:
“Əczaçılıq sektorunda aparılan çoxşaxəli islahat tədbirləri
nəticəsində əhalinin keyfiyyətli və təhlükəsiz dərman vasitələrinə
əlçatanlığı təmin edilmiş, gündəlik həyat keyfiyyəti yüksəlmişdir.
Təbii ki, sektorda baş verən qlobal çağırışlar, texnoloji
nailiyyətlər, istehsal və investisiya imkanlarındakı strateji
dəyişikliklər bizləri birgə tərəfdaşlıqların qurulmasına daha da
ruhlandırır.
Əminliklə bildirmək istərdim ki, əczaçılıq sənayesinin bugünkü
inkişaf dinamikası ilə irəliləməsi ölkədə dərman təminatının
yaxşılaşması ilə yanaşı, əhalinin rifahına, ümumilikdə,
Azərbaycanın parlaq və inamlı sabahına xidmət edir”.
