Bakı. Trend:
Azərbaycanda işləyən vətəndaşların pensiyalarında bu il iki dəfə artım mümkün olacaq.
Trend xəbər verir ki, bunu Milli Məclisin Əmək və sosial siyasət komitəsinin üzvü, deputat Vüqar Bayramov sosial şəbəkə hesabında yazıb.
O xatırladıb ki, mövcud qanunvericiliyə əsasən, yaşa görə əmək pensiyası təyin edildikdən sonra işləməyə davam edən pensiyaçıların pensiyası sonradan toplanmış kapitala uyğun olaraq 6 ildən sonra yenidən hesablanaraq pensiyaya əlavə olunur. 6 ildən sonra vətəndaşın fərdi hesabının sığorta hissəsində ödənilən məcburi dövlət sosial sığorta haqlarının 90 faizi nəzərə alınmaqla pensiya kapitalı qeydə alınır. Pensiyada yeni artım üçün işlədiyi dövr üzrə toplanmış pensiya kapitalı 72-yə bölünməklə pensiya məbləği yenidən hesablanır.
Deputat bildirib ki, işləyən vətəndaşlarımızın pensiyalarında bu il iki dəfə artım mümkündür. Həmin şəxsin aldığı pensiya mövcud qaydalara əsasən 9,3 faizə indeksləşdirilərək artırılır. Daha sonra onun 6 illik iş müddəti tamamlanırsa, pensiyasına əlavə olunur.
“Məsələn, vətəndaşımıza 1 may 2020-ci il tarixində yaşa görə ümumi əsaslarla əmək pensiyası təyin edilib və şəxs işləməyə davam edib. 2025-ci ilin sonunda həmin vətəndaşımızın pensiya məbləği 800 manat olub. Onun pensiya məbləği 1 may 2026-cı il tarixində pensiya təyin edildikdən sonra 6 il işlədiyi üçün yenidən hesablanır. Şəxsin fərdi hesabının sığorta hissəsində bu müddətdə 25 200 manat (ödənilən məcburi dövlət sosial sığorta haqlarının 90 faizi nəzərə alınmaqla) pensiya kapitalı qeydə alınıb. Bu halda şəxsin həmin dövr üzrə toplanmış pensiya kapitalı (25 200 manat) 72-yə bölünməklə pensiya məbləği yenidən hesablanır. Bu o deməkdir ki, həmin şəxsin pensiyasına 350 manat əlavə olunur. Amma həmin vətəndaşımız əmək pensiyası aldığına görə onun pensiyası yanvarın 1-dən indeksləşdirilib. Bu ilin may ayında həmin şəxsin yeni pensiya məbləği belə olur: 800 manat + 74.4 manat (800 manat X 9.3 %) + 350 manat = 1224.4 manat”, - deyə V.Bayramov vurğulayıb.
Millət vəkili qeyd edib ki, əmək fəaliyyəti davam edən pensiyaçılar işləməkdə davam etsələr və 6 il iş müddəti bu il tamam olsa, o zaman həm indeksasiya artımından, həm də yenidən hesablanma artımından faydalana bilərlər.
