Bakı. Trend:
Avropa İttifaqı (Aİ) Birləşmiş Krallıqdan vahid bazara çıxış üçün illik təxminən 1,15 milyard avro ödəniş tələb edə bilər.
Trend-in məlumatına görə, bu barədə “The Times” qəzeti məlumat yayıb.
Məlumata görə, Brüssel Böyük Britaniyanın Baş naziri Kir Starmerin mayın 4-də Yerevanda keçiriləcək Avropa Siyasi Birliyi sammiti çərçivəsində Aİ büdcəsinə töhfə verməklə bağlı prinsipial razılığa gəlməsini istəyir. Starmerin ofisi isə bildirib ki, görüşün əsas mövzularından biri Aİ ilə daha sıx əməkdaşlıq olacaq.
Məqalədə adı açıqlanmayan avropalı diplomatın sözlərinə istinad edilir: “Əgər Britaniya daha çox inteqrasiya istəyirsə, bunun üçün ödəniş etməlidir. Bu, qeyri-adi hal deyil”.
Nəşr qeyd edir ki, Aİ üzvü olmayan İsveçrə 2025-ci ildə vahid bazara çıxış üçün Aİ Birlik Fonduna ildə 375 milyon avro ödəməyə razılaşıb. Bu məbləğ ölkənin ÜDM-i əsasında hesablanıb.