Bakı. Trend:
Hazırda Avropada təxminən 150 milyon nəfər həddindən artıq isti hava şəraitinin təsiri altındadır. Güclü istilər nəticəsində yüzlərlə insan həyatını itirib, bir sıra təhsil müəssisələrinin fəaliyyəti isə dayandırılıb.
Bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adhanom Qebreyesus sosial şəbəkə hesabında paylaşım edib.
Onun sözlərinə görə, Avropada temperatur artımı digər qitələrlə müqayisədə iki dəfə daha sürətlə baş verir.
Qebreyesus qeyd edib ki, iqlim dəyişikliyi və qlobal istiləşmə səbəbindən əvvəllər bir nəsildə bir dəfə müşahidə olunan isti hava dalğaları artıq demək olar ki, hər il təkrarlanır.
ÜST rəhbəri vurğulayıb ki, iyunun 21-dən etibarən Avropada yüksək temperaturla əlaqəli ölüm hallarında ciddi artım qeydə alınıb. Onun sözlərinə görə, ilkin məlumatlara əsasən, bu dövrdə əvvəlki göstəricilərlə müqayisədə təxminən 1300 əlavə ölüm faktı qeydə alınıb.
Qebreyesus əlavə edib ki, ÜST ekstremal istilərin insan
sağlamlığına təsirini minimuma endirmək məqsədilə üzv dövlətlər və
tərəfdaşlarla əməkdaşlığı davam etdirir. Təşkilat əsas diqqəti
hazırlıq səviyyəsinin artırılmasına, profilaktik tədbirlərin
gücləndirilməsinə və səhiyyə sistemlərinin operativ reaksiya
imkanlarının yaxşılaşdırılmasına yönəldir.