Bakı. Trend:
Türk İnvestisiya Fondu türk inteqrasiyasının inkişafına yönəlmiş layihələrə prioritet qaydada baxır.
Bunu Türk İnvestisiya Fondunun baş investisiya direktoru Səncər Usmanov Almatıda keçirilən Avrasiya İnkişaf Bankının (AİB) İllik Toplantısı və biznes forumu çərçivəsində Trend-ə açıqlamasında deyib.
"Bizim layihələr portfelimiz var. Layihələr direktorlar şurası tərəfindən yekun təsdiqlənənə qədər onların konkret adlarını və ya təfərrüatlarını açıqlaya bilmərik. İşlər davam edir. Ola bilsin ki, bu proses hər zaman kənardan görünmür, lakin əminliklə deyə bilərəm ki, işlər irəliləyir", - deyə o bildirib.
Onun sözlərinə görə, fond türk dövlətləri arasında inteqrasiyanı təşviq edən layihələrə xüsusi diqqət yetirir.
"Biz böyük potensial görürük və ehtimal ki, müəyyən mərhələdə fondun nizamnamə kapitalının artırılması məsələsinə baxılması zərurəti yaranacaq", - deyə S.Usmanov əlavə edib.
Qeyd edək ki, Türk İnvestisiya Fondu iqtisadi əməkdaşlığın gücləndirilməsi, qarşılıqlı ticarətin genişləndirilməsi və bütövlükdə türk dünyasının dayanıqlı inkişafına dəstək məqsədilə türkdilli dövlətlər tərəfindən yaradılmış ilk ixtisaslaşmış beynəlxalq maliyyə institutudur.
2022-ci il noyabrın 11-də Səmərqənddə keçirilən Türk Dövlətləri Təşkilatının (TDT) IX Zirvə görüşündə dövlət başçıları Türk İnvestisiya Fondunun yaradılması və onun prezidentinin təyin edilməsi barədə qərar qəbul ediblər. Fondun yaradılması haqqında Saziş 2023-cü il martın 16-da Ankarada keçirilən TDT-nin növbədənkənar Zirvə görüşündə imzalanıb və 2024-cü il fevralın 24-də qüvvəyə minib. Fondun nizamnamə kapitalı 600 milyon ABŞ dollarıdır.
