Bakı. Trend:
Venesuelada baş verən güclü zəlzələlər nəticəsində ölənlərin sayı 920 nəfərə çatıb, 3360 nəfər yaralanıb.
Onlar bildiriblər ki, hələ də dağıntılar altında ən azı 172 nəfərin qaldığı güman edilir, ona görə də ölənlərin sayının artacağı gözlənilir.
Ölkənin bir neçə bölgəsində axtarış-xilasetmə əməliyyatları davam edir və ən çox zərər çəkən ərazi hələ də Karakasın şimalındakı La Quayra ştatıdır. Ən böyük dağıntılar məhz orada qeydə alınıb. Xəstəxanalar, ticarət mərkəzləri və yaşayış binaları da daxil olmaqla yüzlərlə bina tamamilə və ya qismən dağılıb. Hakimiyyət orqanlarının məlumatına görə, təxminən 1000 infrastruktur obyekti də zərər görüb.
Venesuela prezidentinin səlahiyyətlərini icra edən Delsi Rodrigez bildirib ki, iki güclü zəlzələdən sonra artıq 214 afterşok baş verib. O, əlavə edib ki, onlarla insan dağıntılar altından sağ çıxarılıb.
Milli Assambleyanın prezidenti Xorxe Rodrigez xilasedicilərin təkcə La Quayrada ən azı 243 nəfəri xilas etdiyini bildirib.
Ölkənin səhiyyə sistemi ciddi gərginlik altındadır. Bəzi müəssisələr dağıldığı üçün zərərçəkənlər müvəqqəti xəstəxanalarda müalicə olunurlar. Venesuelalı həkimlər qeyd edirlər ki, təbii fəlakətdən əvvəl səhiyyə sistemi artıq dərman və avadanlıq çatışmazlığı ilə üzləşirdi və indi vəziyyət xeyli pisləşib.
Beynəlxalq ictimaiyyət fəlakətlərin nəticələrinin aradan qaldırılmasına qoşulub. Venesuela hökumətinin məlumatına görə, artıq yüzlərlə xarici xilasedici ölkəyə gəlib və daha çox xilasedicinin gələcəyi gözlənilir.
BMT-nin Humanitar Məsələlərin Koordinasiyası Ofisi fəlakətin miqyasının beynəlxalq reaksiya tələb etdiyini bildirib. Təşkilat zərərçəkənlərə yardımı əlaqələndirəcəyinə söz verib.
Zəlzələlər çərşənbə günü baş verib. İkinci təkan 7,5 bal gücündə olub və bu, onu son əsrdə Venesuelada baş verən ən güclü zəlzələlərdən biri edib.
