Bakı İslam dünyasının parlament diplomatiyası mərkəzinə çevrildi - Azər Qarayev

Siyasət Materials 25 İyun 2026 19:42 (UTC +04:00)
Bakı İslam dünyasının parlament diplomatiyası mərkəzinə çevrildi - Azər Qarayev
Əli Qasımov
Əli Qasımov
Bütün xəbərlər

Bakı. Trend:

Bakıda keçirilən İslam Əməkdaşlıq Təşkilatının (İƏT) üzvü olan dövlətlərin Parlament İttifaqının 20-ci Sessiyası Azərbaycanın İslam dünyasında artan siyasi çəkisinin və diplomatik nüfuzunun və Bakının İslam dünyasının parlament diplomatiyası mərkəzinə çevrildiyinin növbəti təsdiqidir. Təkcə parlamentlərarası əməkdaşlıq platforması kimi deyil, həm də müsəlman ölkələri arasında həmrəyliyin möhkəmləndirilməsi baxımından əhəmiyyət daşıyan bu tədbir Azərbaycanın beynəlxalq münasibətlər sistemində tutduğu yerə dair mühüm mesajlar verdi.

Bunu Trend-ə politoloq Azər Qarayev deyib.

"Sessiyanın Bakıda keçirilməsi və təşkilata sədrliyin Azərbaycana keçməsi təsadüfi hadisə deyil. Son illərdə ölkəmizin İslam dünyasında fəal diplomatik təşəbbüslərlə çıxış etməsi, müxtəlif beynəlxalq tədbirlərə ev sahibliyi etməsi və üzv dövlətlərlə çoxtərəfli əlaqələri inkişaf etdirməsi bu etimadın əsas səbəblərindəndir. Tədbirdə Prezident İlham Əliyevin iştirakçılara ünvanladığı müraciət Azərbaycanın İslam dünyasına baxışını və gələcək prioritetlərini əks etdirən mühüm siyasi sənəd kimi diqqət çəkdi. Dövlət başçısı müraciətində qeyd edib: "Qürurla qeyd edə bilərik ki, bu illər ərzində ölkəmiz İslam həmrəyliyinin gücləndirilməsinə töhfə vermiş, İƏT-in fəaliyyətində təşəbbüskar və məsuliyyətli rol oynamış, məqsəd və prinsiplərinə sadiq qalmış, beynəlxalq müstəvidə nüfuzunun artırılmasında fəal iştirak etmişdir". Bu fikir Azərbaycanın İslam Əməkdaşlıq Təşkilatında sadəcə üzv dövlət kimi deyil, təşəbbüskar və istiqamətverici aktor kimi çıxış etdiyini göstərir. Son illərdə Bakıda keçirilən İslam Həmrəyliyi Oyunları, islamofobiya ilə mübarizəyə həsr olunan beynəlxalq konfranslar, İslam İnkişaf Bankı Qrupunun toplantıları və digər tədbirlər bu siyasətin praktiki nəticələridir", - o bildirib.

Onun sözlərinə görə, sessiyada diqqət çəkən əsas məsələlərdən biri də Azərbaycanın ərazi bütövlüyü məsələsində İslam ölkələrinin göstərdiyi dəstəyin yüksək qiymətləndirilməsi oldu.

"Prezident İlham Əliyev müraciətində İƏT-in Ermənistanın Azərbaycana qarşı işğal siyasətini qətiyyətlə pislədiyini və Azərbaycanın haqq mövqeyini müdafiə etdiyini xüsusi vurğuladı. "İƏT Ermənistanın Azərbaycana qarşı 30 ilə yaxın davam edən təcavüzü zamanı və postmüharibə dövründə qətiyyətli mövqe nümayiş etdirərək, işğalı şiddətlə qınayan, Azərbaycanın haqq işini, suverenliyini və ərazi bütövlüyünü dəstəkləyən, azad olunmuş ərazilərimizdə bərpa və quruculuq işlərini alqışlayan qətnamələr və bəyanatlar qəbul etmişdir". Bu bəyanat bir daha göstərir ki, Azərbaycanın İslam dünyası ilə münasibətləri yalnız dini və mədəni bağlılıq üzərində qurulmur. Burada siyasi həmrəylik, qarşılıqlı dəstək və beynəlxalq təşkilatlar çərçivəsində koordinasiya da mühüm rol oynayır", - politoloq bildirib.

A.Qarayev qeyd edib ki, dövlət başçısının müraciətində xüsusi yer ayrılan mövzulardan biri islamofobiya ilə mübarizə idi.

"Son illər dünyanın müxtəlif bölgələrində müsəlmanlara qarşı nifrət çağırışlarının, dini ayrı-seçkiliyin və müqəddəs dəyərlərə qarşı təhqiramiz addımların artması fonunda Azərbaycanın bu məsələni beynəlxalq gündəliyə çıxarması diqqət çəkir. "İslamofobiya yalnız müsəlmanlara qarşı dözümsüzlük halı deyil, qarşılıqlı anlaşmaya və dinc birgəyaşayışa təhdid yaradan təhlükəli tendensiyadır". Bu yanaşma Azərbaycanın özünü yalnız müsəlman ölkələrinin maraqlarını müdafiə edən dövlət kimi deyil, eyni zamanda, mədəniyyətlərarası dialoq və multikultural dəyərlərin təşviqatçısı kimi təqdim etdiyini göstərir", - o bildirib.

Politoloq vurğulayıb ki, sessiya çərçivəsində keçirilən ikitərəfli görüşlər də tədbirin siyasi əhəmiyyətini artırdı.

"Prezident İlham Əliyevin İran İslam Şurası Məclisinin sədri Məhəmməd Baqir Qalibaf ilə görüşü regionda baş verən son hadisələr fonunda xüsusi diqqət çəkdi. Görüş zamanı Azərbaycanın İranın çətin günlərində göstərdiyi dəstək yüksək qiymətləndirildi. İran tərəfi açıq şəkildə bəyan etdi ki, son müharibə dövründə Azərbaycan dost ölkə kimi İranın yanında olub. Bu mesaj iki ölkə arasında son dövrdə müşahidə olunan siyasi yaxınlaşmanın mühüm göstəricisi kimi qiymətləndirilə bilər. Eyni zamanda, Ağbənd-Kəlalə körpüsü və Araz dəhlizi kimi strateji layihələrin müzakirə olunması göstərir ki, Bakı və Tehran münasibətləri yalnız siyasi dialoqla məhdudlaşmır, iqtisadi və nəqliyyat əməkdaşlığı istiqamətində də yeni mərhələyə daxil olur. Prezident İlham Əliyevin Türkiyə Böyük Millət Məclisinin sədri Numan Kurtulmuş ilə görüşü isə Azərbaycan-Türkiyə münasibətlərinin dəyişməz strateji xarakterini bir daha nümayiş etdirdi. Görüşdə Şuşa Bəyannaməsinin əhəmiyyəti xüsusi vurğulandı və iki ölkə arasındakı qardaşlıq münasibətlərinin region üçün sabitləşdirici faktor olduğu qeyd edildi", - A.Qarayev bildirib.

Onun sözlərinə görə, Bakıda keçirilən sessiya Azərbaycanın xarici siyasətinin üç mühüm istiqamətini eyni platformada nümayiş etdirdi.

"Birinci istiqamət İslam dünyasında həmrəyliyin və əməkdaşlığın gücləndirilməsi, ikinci istiqamət region ölkələri ilə qarşılıqlı faydalı münasibətlərin inkişafı, üçüncü istiqamət isə Azərbaycan-Türkiyə strateji müttəfiqliyinin daha da dərinləşdirilməsidir. Təsadüfi deyil ki, Prezident İlham Əliyev müraciətində gələcək hədəflərə də xüsusi diqqət ayırdı. Dövlət başçısı vurğuladı ki, 2027-ci ildə Azərbaycanda İslam Zirvə Konfransının 16-cı Sessiyası keçiriləcək və ölkəmiz İƏT-də Sədrliyi öz üzərinə götürəcək. "Sədrliyimiz dövründə üzv dövlətlərin ümumi maraqlarının təşviqi, təşkilat çərçivəsində əməkdaşlığın dərinləşməsi, İslam həmrəyliyinin möhkəmləndirilməsi və böyük gücə çevrilməsi məqsədilə birgə səylərin səfərbər olunması üçün əlimizdən gələni əsirgəməyəcəyik". Bu bəyanat Azərbaycanın qarşıdakı illərdə İslam dünyasının siyasi və diplomatik gündəliyində daha fəal rol oynamaq niyyətini açıq şəkildə ortaya qoyur", - politoloq bildirib.

A.Qarayev qeyd edib ki, Bakıda keçirilən İƏT Parlament İttifaqının 20-ci Sessiyası göstərdi ki, Azərbaycan artıq təkcə regional proseslərin iştirakçısı deyil, həm də müxtəlif dövlətləri və siyasi platformaları bir araya gətirən dialoq mərkəzinə çevrilməkdədir.

"İslam dünyasının qarşısında duran çağırışlar, geosiyasi gərginliklər və iqtisadi problemlər fonunda Bakının verdiyi əsas mesaj həmrəylik, əməkdaşlıq və qarşılıqlı dəstək üzərində qurulan gələcək vizyonudur. Azərbaycanın İƏT çərçivəsində artan rolu da məhz bunun praktiki nəticəsi kimi qiymətləndirilə bilər", - politoloq əlavə edib.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti