Bakı. Trend:
İdman, xüsusən də futbol, sərhədlərdən, mədəniyyətlərdən və dillərdən asılı olmayaraq insanları birləşdirmək üçün unikal bir qabiliyyətə malikdir.
Trend-in müxbirinin tədbirdən verdiyi məlumata görə, bunu iyunun 26-da Bakıda səfirlik tərəfindən təşkil edilən "USA–Türkiye World Cup Watch Party" tədbirində ABŞ-nin Azərbaycandakı səfirliyinin missiya rəhbərinin müavini vəzifəsini icra edən Mark Hernandez deyib.
"Səhər yeməyinə və ABŞ ilə Türkiyə arasında keçiriləcək həyəcanlı dünya çempionatı matçına qoşulduğunuz üçün təşəkkür edirik", - deyə M. Hernandez bildirib.
O, tədbirdə Azərbaycan idman ictimaiyyətinin nümayəndələrini, həmkarlarını və səfirlik əməkdaşlarını görməkdən məmnun olduğunu qeyd edib.
"İdmanı, xüsusən də futbolu bu qədər heyrətamiz edən şeylərdən biri də onun sərhədlər, mədəniyyətlər və dillər arasında insanları birləşdirmək qabiliyyətidir", - deyə səfirlik nümayəndəsi bildirib.
Onun sözlərinə görə, azarkeşlərin hansı komandanı dəstəkləməsindən asılı olmayaraq, hər kəsi rəqabət sevgisi, komanda işi və ədalətli oyun birləşdirir.
"Dünya çempionatı, xüsusilə də mənim üçün dünyada ən sevimli idman tədbirlərindən biridir", – deyə Ernandes bildirib.
O, dünya futbolu tarixinin bir sıra yaddaqalan məqamlarını xatırladıb: Roberto Baccionun 1994-cü il dünya çempionatının finalında penaltilər seriyasında topu qapı dirəyinin üstündən vurmasını, Fransaya səfəri zamanı Zinəddin Zidanın ev sahibi komandanı 1998-ci il dünya çempionatında qələbəyə aparmasını izləməsini, 2014-cü ildə ABŞ millisinin leysan yağışı altında Belçikaya məğlub olmasının şahidi olmasını, həmçinin Lionel Messi ilə Kilian Mbappe arasında keçirilən 2022-ci il dünya çempionatının finalını xatırladaraq, onu dünya çempionatları tarixinin ən möhtəşəm finalı adlandırıb.
"Bütün bunları birləşdirən əsas məqam dostlar, ailə, unudulmaz təəssüratlar, ortaq dəyərlər və məqsədlərdir", – deyə o bildirib.
Ernandesin sözlərinə görə, ABŞ qarşıdan gələn iri beynəlxalq yarışlar ərəfəsində idman təşəbbüslərindən istifadə etməyə davam edir və eyni zamanda gələn həftə ölkənin 250 illik yubileyinin qeyd olunmasına hazırlaşır.
"Beynəlxalq əlaqələri və insanlar arasında təmasları möhkəmləndirmək üçün idmandan bir platforma kimi istifadə etdiyimizə görə qürur duyuruq", – deyə o vurğulayıb.
Ernandes qeyd edib ki, Bakının 2026-cı il üçün Dünya İdman Paytaxtı elan edilməsi idmanın gəncləri ruhlandırmaq, cəmiyyətləri birləşdirmək və əməkdaşlıq üçün yeni imkanlar yaratmaq gücünü nümayiş etdirir.
"Bu gün oyundan zövq almaq, köhnə dostlarla yenidən görüşmək, yeni dostlar qazanmaq və hamımızı birləşdirən beynəlxalq idman ruhunu qeyd etmək üçün gözəl imkanımız var", – deyə o əlavə edib.
Çıxışının sonunda Ernandes səhər yeməyində iştirak etdiklərinə görə qonaqlara bir daha təşəkkür edib, hər kəsə oyunu maraqla izləməyi arzulayıb və ABŞ millisini dəstəklədiyini bildirib.
