Peşə təhsili üçün müraciət edənlərin yaş həddi açıqlanıb - Hesabat

Cəmiyyət Materials 25 İyun 2026 18:23 (UTC +04:00)
Peşə təhsili üçün müraciət edənlərin yaş həddi açıqlanıb - Hesabat
Fəridə Məmmədova
Fəridə Məmmədova
Bütün xəbərlər

Bakı. Trend:

2025-2026-cı tədris ilində peşə təhsilinə müraciət edənlərin yaş həddi açıqlanıb.

Bu barədə məlumat Elm və Təhsil Nazirliyinin 2025-2026-cı tədris ili barədə yaydığı hesabatda əks olunub.

Nazirliyin rəsmi saytında dərc olunana hesabata əsasən ötən tədris ilində peşə təhsili üçün müraciət edənlərdən ən aşağı yaş 13, ən yuxarı yaş həddi isə 78 olub.

Hesabatda qeyd olunub ki, 2025/2026-cı tədris ilində 78 peşə təhsili müəssisəsində 152 ixtisas üzrə tələbə qəbulu aparılıb. Ümumilikdə 32 620 plan yeri müsabiqəyə çıxarılıb. Onlardan 23 280-i dövlət sifarişli, 8 340-ı isə ödənişli əsaslarladır. Müraciət edən 46 789 nəfərdən 27 021 nəfəri peşə təhsili müəssisələrinə qəbul olunub.

"Tələbələrin 84%-i dövlət sifarişli, 16%-i ödənişli əsaslarla qəbul olunub. Onların 39%-i (10 489 nəfər) qadınlardır. Peşə təhsili almaq üçün müraciət edənlərin orta yaş həddi 21, ən aşağı yaş həddi 13, ən yuxarı yaş həddi isə 78-dir.

Qəbul olunan tələbələrdən 65 nəfəri ali təhsilli, 298 nəfəri orta ixtisas təhsillidir. Onlardan 84 nəfəri xarici vətəndaşdır. Peşə təhsilinə müraciət edənlərdən 1254 nəfəri isə cəzaçəkmə müəssisəsində məhkumdur", məlumatda bildirilib.

Həmçinin qeyd edilib ki, 2026-cı il üçün müəyyən edilmiş hədəflərə əsasən peşə təhsilinə qəbul olunan tələbələrin sayının 28 140 nəfərə çatdırılması, eləcə də yüksək texniki peşə təhsili ilə əhatə olunan tələbələrin sayının 10 000 nəfərə yüksəldilməsi planlaşdırılır.

2025-ci ildə yüksək texniki peşə təhsili səviyyəsində həyata keçirilən qəbul prosesində isə 2 590 nəfər tələbə adını qazanıb.

"2022–2026-ci illər üzrə yüksək texniki peşə təhsilinə cəlb olunanların sayı 7 117 nəfər təşkil edir. 2026/2027-ci tədris ili üçün müəyyən edilmiş hədəflərə əsasən yüksək texniki peşə təhsili ilə əhatə olunan tələbələrin sayının 10 000 nəfərə yüksəldilməsi planlaşdırılır. “Peşə təhsili sisteminin potensialının gücləndirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən, 2026–2030-cu illər ərzində müasir standartlara cavab verən 21 peşə təhsili müəssisəsinin tikintisi və 2 peşə təhsili müəssisəsinin əsaslı təmirinin aparılması nəzərdə tutulur", - hesabatda vurğulanıb.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti