Bakı. Trend:
Azərbaycanın görkəmli dövlət xadimi, general-leytenant Arif Heydərovun 100 illik yubileyinə həsr olunmuş "Biz səni xatırlayırıq, Arif!" sənədli filminin premyerası keçirilib.
Tədbirdə əvvəlcə Azərbaycan Silahlı Qüvvələrinin yaranmasının 108-ci ildönümü münasibətilə tədbir iştirakçıları təbrik edilib. Qarabağın azadlığı və Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Daha sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Milli Məclisin sədr müavini, Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin direktoru Rafael Hüseynov çıxışında Arif Heydərovun həyat yolundan, dövlətçilik tarixindəki izlərdən söz açıb. Onun sözlərinə görə, Arif Heydərovun həyatdan gedişi təkcə bir ailənin və ya bir dövlət xadiminin itkisi deyildi:
"Arif Heydərovun dövlətə xidməti, ictimai-siyasi fəaliyyəti və onun həyatı ilə bağlı aparılan araşdırmalar bəzi hadisələrə fərqli prizmadan baxmağa əsas verir. Uzun illər bu hadisə Şuşa həbsxanasında nəzarətçi işləyən Muradov soyadlı bir şəxsin törətdiyi, şəxsi zəmində baş vermiş cinayət kimi təqdim olunurdu".
Rafael Hüseynov qeyd edib ki, sonrakı araşdırmalar bu məsələnin daha ciddi təhlil olunmasını zəruri edir:
"Diqqət çəkən məqamlardan biri də budur ki, hadisəni törədən
şəxs Daxili İşlər Nazirliyinə çoxlu sayda, əlliyə qədər patronla
daxil olmuşdu. Bu, hadisənin təsadüfi və ya yalnız şəxsi zəmində
baş verməsi barədə versiyalara şübhə yaradır və onun əvvəlcədən
planlaşdırılmış cinayət ola biləcəyi ehtimalını gücləndirir. Bu
hadisənin arxasında hansı qüvvələrin dayanması ilə bağlı müxtəlif
ehtimallar ola bilər. Bunlardan biri erməni izi, digəri isə o
dövrdə Azərbaycanın gələcək siyasi idarəçiliyinə təsir göstərmək
istəyən başqa qüvvələrlə bağlı ola bilər. Bunlar gələcəkdə də ciddi
araşdırılmalı məsələlərdir.
İstənilən halda, Arif Heydərovun ölümü yalnız bir şəxsin faciəsi
deyil, Azərbaycan dövlətçiliyinin və ölkənin gələcək inkişafının
taleyinə təsir göstərən mühüm hadisələrdən biri kimi
qiymətləndirilməlidir".
Onun sözlərinə görə, Arif Heydərovla bağlı bu film yalnız bir şəxsiyyət haqqında olsa da, əslində, epoxa haqqında, Azərbaycanın içərisindən keçdiyi çox mühüm bir dövr barədəki filmdir.
"O, elə bir ailədə dünyaya göz açmışdı ki, onun yolunun gec-tez
dövlətçiliklə, dövlət idarəçiliyi ilə və Azərbaycanın inkişafı ilə
qovuşacağı təbii görünürdü. Atası Nəzər Heydərov Azərbaycanın XX
əsrin ilk onilliklərində inkişafı və dövlət quruculuğu prosesində
mühüm xidmətləri olmuş şəxsiyyətlərdən idi. Avropa Şurası Parlament
Assambleyasının bir tədbirində iştirak etmək üçün Berlində idim.
Tədbir Bundestaqın yerləşdiyi tarixi Reyxstaq binasında
keçirilirdi. Reyxstaqın müxtəlif hissələrində 1945-ci ilin mayında
Berlinin alınması zamanı sovet əsgərlərinin divarlara həkk
etdikləri adlar, soyadlar və tarixlər qorunub saxlanılır. Həmin
yazılar arasında otuza yaxın azərbaycanlı döyüşçünün də adı var.
Araşdırdıqca onlardan bir neçəsinin kimliyini müəyyən etmək mümkün
oldu. Həmin adlardan biri də Arif Heydərova məxsus idi. Beləliklə,
Arif Heydərovla mənim ikinci görüşüm də elə orada baş tutdu.
Divarda sadəcə belə yazılmışdı: "Arif. May, 1945." Bu yazı çox şeyi
deyirdi. Deməli, o, hələ müharibə yaşı tamam olmamış cəbhəyə
yollanmış, müharibənin ən ağır yollarından keçmiş, odun-alovun
içində döyüşmüşdü.
Məhz buna görə də o, böyük insan idi. Sonrakı həyatında da dövlət
təhlükəsizlik orqanlarında xidmət edərkən dəfələrlə ölüm təhlükəsi
ilə üz-üzə qalmışdı. O, cəsur, mərd və mübariz bir şəxsiyyət idi.
Bütün bu sınaqlardan keçərək Arif Heydərov kimi formalaşmışdı.
Azərbaycan dövlətçiliyinin tarixində onun xidmətləri müstəsna
əhəmiyyət daşıyır. Onun peşəkarlığı və şəxsiyyətinə həm Türkiyədə,
həm də Moskvada böyük hörmət vardı.
Səkkiz il ərzində daxili işlər orqanlarına rəhbərlik edən Arif
Heydərov təkcə respublikada deyil, SSRİ miqyasında da yüksək nüfuz
qazanmışdı. Xarici ölkələrə rəsmi səfərlər zamanı biliyi, siyasi
hazırlığı və yüksək mədəniyyəti ilə Azərbaycanı layiqincə təmsil
edirdi. O, fəaliyyəti, şəxsiyyəti və dövlətə sədaqəti ilə
Azərbaycan xalqının adına şərəf gətirən görkəmli dövlət
xadimlərindən biri idi".
"Alyans" Azərbaycan Xüsusi Xidmət Orqanları Veteranlarının İctimai
Birliyinin Fəxri Sədri Şamil Süleymanov çıxışında Arif Heydərovun
fəaliyyətindən danışıb və bildirib ki, o, hər zaman kollektivin
sıralarında olub və böyük hörmət qazanıb.
Onun sözlərinə görə, Arif Heydərov Almaniyadan qayıtdıqdan sonra
Azərbaycan DTK-nın Kəşfiyyat İdarəsinin İran bölməsinin rəisi
vəzifəsinə təyin edilib. Süleymanov qeyd edib ki, Heydərov bu
vəzifədə çalışdığı dövrdə idarədə qayda-qanun yaradıb, xidməti
intizamı möhkəmləndirib və zəruri tabelik rejimini bərpa edib.
Bunun nəticəsində o, kollektivin rəğbətini və dərin hörmətini
qazanıb.
Şamil Süleymanov bildirib ki, 1988-ci il yanvarın 29-da nazirlikdə
baş vermiş faciəvi hadisə Arif Heydərovun həyatına son qoyub. Onun
sözlərinə görə, bu hadisə təkcə DTK və DİN üçün deyil, bütün
Azərbaycan xalqı və SSRİ xalqları üçün böyük itki olub.
Azərbaycan Yazıçılar Birliyinin birinci katibi, yazıçı Çingiz
Abdullayev də çıxışında bildirib ki, Arif Heydərov "Visla-Oder"
əməliyyatında iştirak edib və bununla bağlı məlumatlar Vikipediya
da daxil olmaqla müxtəlif mənbələrdə yer alır.
O, bu mövzunu araşdıran və ya haqqında yazan hər kəsi həmin tarixi
faktları nəzərə almağa çağırıb:
"Məhz "Visla-Oder" əməliyyatında göstərdiyi şücaətə görə Alim bəyin Sovet İttifaqı Qəhrəmanı adına təqdim edilməsi ilə bağlı rəsmi sənədlər mövcuddur. O, "Qırmızı Bayraq" ordeni ilə təltif olunsa da, məqsəd ona daha yüksək dövlət mükafatının verilməsi idi. Bildiyiniz kimi, müharibədən sonrakı dövrdə azərbaycanlılara münasibətdə müəyyən qısqanclıq və ayrı-seçkilik halları müşahidə olunurdu".
Daha sonra sənədli film nümayiş etdirilib.
Sənədli filmin nümayişindən sonra filmin layihə rəhbəri, Arif Heydərovun oğlu Murad Heydərov çıxış edərək bildirib ki, atası öz işini layiqincə görüb və bunu heç vaxt qəhrəmanlıq hesab etməyib.
O qeyd edib ki, atasının 100 illiyi münasibətilə ən böyük hədiyyə Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Azərbaycan torpaqlarının işğaldan azad edilməsidir.
"Filmin çəkilişi zamanı arxiv sənədlərinə və konkret faktlara əsaslanmağa çalışmışıq. Filmin hazırlanmasında dəstək göstərən hər kəsə minnətdarlığımızı bildiririk."
Murad Heydərov əlavə edib ki, bu filmdə Arif Heydərovun şəxsiyyətini daha dərindən açmağa, həmçinin onun fəaliyyət göstərdiyi dövrün ictimai-siyasi kontekstini göstərməyə çalışıblar.
Qeyd edək ki, filmin rejissorları Əlisəttar Quliyev və Rüstəm Babazadə, ssenari müəllifi isə Leonid Mleçindir. Filmin layihə rəhbəri isə Murad Heydərovdur.
Filmdə Arif Heydərovun sevdiyi mahnı və musiqilərdən istifadə edilib.
