Bakı. Trend:
Milli Müdafiə Universitetinin tabeliyində fəaliyyət göstərən Cəmşid Naxçıvanski və Heydər Əliyev adına Hərbi liseylərin kursantlarından ibarət komanda Qazaxıstanın Akmola vilayətində keçirilən XII Beynəlxalq "Aybın-2026" gənclərin hərbi vətənpərvərlik toplanışında iştirak edir.
Müdafiə Nazirliyindən verilən məlumata görə, toplanışda Azərbaycan, Qırğızıstan, Özbəkistan və Rusiya Federasiyasının komandaları ilə yanaşı Qazaxıstanın güc strukturlarının və hərbi təhsil müəssisələrinin, eləcə də hərbi vətənpərvərlik klublarının yetirmələri də güclərini sınayırlar.
Plana uyğun olaraq, genişmiqyaslı tədbirin əsas mərhələləri Şokan Ualixanov adına Hərbi Kollecinin "Amandık" təlim poliqonunda keçirilir. Toplanışda 53 komandanı təmsil edən 1000-ə yaxın iştirakçı arasında hərbi-taktiki səhra oyunları, intellektual və yaradıcılıq müsabiqələri, həmçinin robototexnika üzrə yarışlar təşkil olunur.
"Aybın-2026" gənclərin hərbi vətənpərvərlik toplanışında Azərbaycan komandası yüksək peşəkarlıq nümayiş etdirərək ölkəmizi layiqincə təmsil edir.
