Bakı. Trend:
26 İyun – Narkomaniyaya və Narkotiklərin Qanunsuz Dövriyyəsinə Qarşı Beynəlxalq Mübarizə Günüdür.
Trend xəbər verir ki, Birləşmiş Millətlər Təşkilatının qərarı ilə 1987-ci ildən qeyd olunan bu günün məqsədi cəmiyyətin diqqətini narkomaniyanın yaratdığı sosial, psixoloji və iqtisadi fəsadlara yönəltmək, narkotiklərin qanunsuz dövriyyəsinə qarşı mübarizəni gücləndirmək və insanların, xüsusilə də gənclərin bu təhlükə barədə məlumatlılığını artırmaqdır.
Narkomaniya təkcə ayrı-ayrı şəxslərin deyil, bütövlükdə cəmiyyətin sağlamlığına, təhlükəsizliyinə və inkişafına ciddi təhdid yaradan qlobal problemlərdən biridir. Narkotik vasitələrdən asılılıq insanların fiziki və psixi sağlamlığını məhv edir, ailə münasibətlərini pozur, sosial təcrid, cinayətkarlıq və digər mənfi halların artmasına səbəb olur.
Dünya miqyasında narkotik istifadəsi və narkomaniya ilə bağlı vəziyyət narahatlıq doğurmaqda davam edir. BMT-nin Narkotiklər və Cinayətkarlıq üzrə İdarəsinin (UNODC) 2025-ci il Dünya Narkotiklər Hesabatına görə, 2023-cü ildə dünyada 15-64 yaş arasında təxminən 316 milyon insan, yəni dünya əhalisinin 6 faizi ən azı bir dəfə narkotik vasitədən istifadə edib. Bu göstərici son on ildə təxminən 28 faiz artıb.
Hesabata əsasən, dünyada ən geniş yayılmış narkotik vasitə kannabisdir və ondan təxminən 244 milyon nəfər istifadə edir. Bundan başqa, 61 milyon nəfər opioidlərdən, 30,7 milyon nəfər amfetaminlərdən, 25 milyon nəfər kokain, 21 milyon nəfər isə ekstazi tipli narkotiklərdən istifadə edir.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) və BMT-nin məlumatlarına görə, narkotik istifadəsi pozuntusundan əziyyət çəkən şəxslərin yalnız 8,1 faizi müvafiq müalicə və reabilitasiya xidmətlərindən yararlana bilir. BMT və ÜST həmçinin bildirir ki, inyeksiya yolu ilə narkotik istifadə edən milyonlarla insan HİV və hepatit C kimi ağır infeksiyalarla üzləşir.
Azərbaycanda da narkomaniya ilə mübarizə dövlət siyasətinin prioritet istiqamətlərindən biridir. Son illərdə narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı əməliyyatlar genişləndirilib, maarifləndirmə tədbirləri artırılıb, müalicə və reabilitasiya xidmətlərinin inkişafına xüsusi diqqət yetirilib.
Rəsmi məlumatlara görə, 2022-ci ildə ölkədə narkotik istifadəçilərinin sayı 35 min 97 nəfər olub. 2024-cü ilin sonuna bu rəqəm 40 min 490 nəfərə yüksəlib. Dispanser qeydiyyatında olan şəxslərin 39 min 485-i kişi, 1005-i isə qadındır. Qeydiyyatda olanların əhəmiyyətli hissəsini opioid və kannabinoid istifadəçiləri təşkil edir.
İlk dəfə narkomaniya diaqnozu ilə qeydiyyata alınan şəxslərin sayında da artım müşahidə olunur. Belə ki, 2020-ci ildə 2 min 723 nəfər, 2023-cü ildə 3 min 796 nəfər, 2024-cü ildə isə 4 min 967 nəfər ilk dəfə narkomaniya diaqnozu ilə qeydiyyata alınıb.
Narkotiklərlə bağlı cinayət statistikası da problemin miqyasını aydın göstərir. Belə ki, 2025-ci ildə Azərbaycanda narkotiklərlə əlaqədar 10 min 665 cinayət faktı qeydə alınıb. Həmin il hüquq-mühafizə orqanları tərəfindən 11,5 tondan çox narkotik vasitə və psixotrop maddə qanunsuz dövriyyədən çıxarılıb.
Mütəxəssislərin fikrincə, narkomaniya ilə mübarizədə ən təsirli vasitələr erkən profilaktika, ailə və məktəb nəzarətinin gücləndirilməsi, gənclərin asudə vaxtının səmərəli təşkili, psixoloji dəstək və davamlı maarifləndirmə tədbirləridir. Çünki narkomaniyanın qarşısını almağın ən effektiv yolu insanları bu təhlükə barədə vaxtında məlumatlandırmaq və sağlam həyat tərzini təşviq etməkdir.
