İyunun 24-də Haaqada Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi ilə Niderland Krallığının Xarici İşlər Nazirliyi arasında siyasi məsləhətləşmələr keçirilib.
Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib
Azərbaycan nümayəndə heyətinə xarici işlər nazirinin müavini
Fariz Rzayev, Niderland nümayəndə heyətinə isə xarici işlər
nazirinin müavini Marsel de Vink rəhbərlik edib.
Məsləhətləşmələr zamanı Azərbaycan-Niderland münasibətlərinin
mövcud vəziyyəti və inkişafı perspektivləri, bu çərçivədə həyata
keçiriləcək tədbirlər barədə fikir mübadiləsi aparılıb, habelə
regional və beynəlxalq məsələlər nəzərdən keçirilib.
Tərəflər siyasi dialoqun dərinləşdirilməsi məqsədilə qarşılıqlı
rəsmi səfərlərin həyata keçirilməsinin, müntəzəm təmasların davam
etdirilməsinin və beynəlxalq tədbirlər çərçivəsində görüşlərin
keçirilməsinin əhəmiyyətini vurğulayıblar.
İqtisadi əməkdaşlığın genişləndirilməsi üçün prioritet
istiqamətlərlə bağlı fikir mübadiləsi aparılıb. Həmçinin
xalqlararası əlaqələrin möhkəmləndirilməsi məqsədilə mədəniyyət,
elm və təhsil sahələrində əməkdaşlığın genişləndirilməsinin
əhəmiyyəti qeyd olunub.
Məsləhətləşmələr zamanı regionda mövcud vəziyyət,
Azərbaycan-Ermənistan sülh prosesi, işğaldan azad edilmiş
ərazilərdə həyata keçirilən genişmiqyaslı bərpa, yenidənqurma və
minatəmizləmə işləri barədə məlumat təqdim olunub.
Tərəflər beynəlxalq gündəlikdə dayanan məsələlər ətrafında fikir
mübadiləsi aparıb, çoxtərəfli platformalarda əməkdaşlıq, irəli
sürülmüş namizədliklərin qarşılıqlı dəstəklənməsi ilə bağlı
mövqelərini bölüşüblər.
Məsləhətləşmələrdə, habelə qarşılıqlı maraq kəsb edən digər
regional və beynəlxalq mövzular ətrafında da fikir mübadiləsi
aparılıb.
Səfər çərçivəsində F.Rzayev, həmçinin Niderlandın bir sıra
rəsmiləri ilə görüşlər keçirib, eləcə də aparıcı beyin
mərkəzlərinin təşkil etdiyi dəyirmi masada iştirak edib.
