Son beş ildə Özbəkistanın sığorta bazarı 3,5 dəfədən çox artıb

Maliyyə Materials 25 İyun 2026 11:47 (UTC +04:00)
Son beş ildə Özbəkistanın sığorta bazarı 3,5 dəfədən çox artıb
Aytac Şirəliyeva
Aytac Şirəliyeva
Bütün xəbərlər

Bakı. Trend:

Son beş ildə Özbəkistanın sığorta bazarı 3,5 dəfədən çox artıb.

Trend-in müxbiri xəbər verir ki, bunu Bakıda keçirilən Azərbaycan Beynəlxalq Sığorta Forumu çərçivəsində Özbəkistanın Sığorta Bazarı Peşəkar İştirakçıları Assosiasiyasının baş direktoru Kamoliddin Abdurahimov deyib.

Onun sözlərinə görə, Özbəkistanın sığorta bazarının rəqəmsallaşdırılması şəffaflığın əhəmiyyətli dərəcədə artmasına imkan verib.

“2016-cı il sığorta bazarının inkişafında mühüm mərhələ oldu, çünki həmin vaxt Özbəkistanda genişmiqyaslı iqtisadi islahatlara başlanıldı. 2021-ci ildə sığorta fəaliyyəti haqqında qanunun yeni redaksiyasının qəbul olunması da böyük əhəmiyyət daşıdı. Həmin qanun sığorta polislərinin elektron formatda satışı və vahid elektron sistemin yaradılması imkanını nəzərdə tuturdu”, - deyə o bildirib.

K.Abdurahimov vurğulayıb ki, rəqəmsallaşma sığorta bazarında dələduzluqla mübarizəyə müsbət təsir göstərib.

O qeyd edib ki, əvvəllər dələduzlar rəsmi blanklarda xüsusi mühafizə elementlərinin olmasına baxmayaraq, avtonəqliyyat vasitələri sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə saxta polislər hazırlayırdılar. Adətən belə hallar yalnız sığorta hadisəsi baş verdikdə üzə çıxırdı. Rəqəmsallaşma bu cür pozuntuları praktiki olaraq aradan qaldırıb.

Baş direktorun sözlərinə görə, 2021-ci ildə Nazirlər Kabinetinin 555 nömrəli qərarı qəbul edildikdən sonra ölkədə elektron sığorta geniş yayılıb. 2022-ci il iyulun 1-dən bütün icbari sığorta növləri elektron formatda rəsmiləşdirilməyə başlanıb, 2023-cü ildən isə vahid sistem vasitəsilə həm icbari, həm də könüllü sığorta polisləri satılmağa başlanıb.

“Son beş ildə Özbəkistanın sığorta bazarı 3,5 dəfədən çox artıb. Əgər 2021-ci ildə 334 milyon dollar vəsait toplanmışdısa, 2025-ci ildə bu göstərici 1 milyard 200 milyon dollardan çox olub. Sığortanın ölkə iqtisadiyyatına nüfuzetmə səviyyəsi ÜDM-in təxminən 0,8 faizi təşkil edir, halbuki əvvəllər bu göstərici 0,26 faiz səviyyəsində idi”, - deyə o bildirib.

O, 2025-ci ilin yekunlarına əsasən bazarın strukturundan danışarkən qeyd edib ki, bazarın 83 faizi könüllü sığorta növlərinin, 7 faizi icbari sığorta növlərinin, 4 faizi isə həyat sığortasının payına düşür.

Abdurahimovun sözlərinə görə, həyat sığortasının payı bu seqmentə tətbiq olunan vergi güzəştlərinin ləğvindən sonra azalıb.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti