Bakı. Trend:
Xəbər verdiyimiz kimi, Dövlət İmtahan Mərkəzi I və IV ixtisas qrupları (o cümlədən III qrup üzrə DT və TC altqruplarının hər ikisini seçənlər üçün coğrafiya fənni) üzrə 7 iyun 2026-cı il tarixində keçirilmiş qəbul imtahanının nəticəsini elan edib.
İmtahan nəticələrinə əsasən , I ixtisas qrupu üzrə 5, IV ixtisas qrupu üzrə isə 2 nəfər imtahanda maksimum nəticə göstərərək 400 bal toplayıb.
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin mətbuat xidmətinin məlumatına görə, hər iki imtahan üzrə 400 bal toplayan 7 nəfərdən üçü paytaxt məktəblisidir.
Belə ki, I ixtisas qrupu üzrə ən yüksək nəticə olan 400 balı Bakı şəhəri Nizami rayonu 238 saylı məktəbin məzunu Hüseynli Leyla Samir qızı və Bakı şəhər Yasamal rayonu Fizika, Riyaziyyat və İnformatika Təmayüllü liseyin məzunu Zeynalova Nargilə İlkin qızı göstərib.
IV ixtisas qrupu üzrə ən yüksək nəticəni (400 bal) Bakı şəhəri Nizami rayonu 220 saylı məktəb-liseyin məzunu Hümbətova Ayan Xəqani qızı göstərib.
Qeyd edək ki, 238 saylı məktəbin məzunu Hüseynli Leyla buraxılış imtahanında da 298 balla yüksək nəticə göstərmişdi. O, 700 ballıq maksimum nəticəni iki balla itirib.
