Bakı. Trend:
İyunun 29-da saat 11:00-dan etibarən direktor vəzifəsi vakant olan dövlət ümumi təhsil müəssisələrinə direktorların işə qəbulu prosesi üzrə elektron sənəd qəbulu mərhələsinə başlanılır.
Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyin mətbuat xidmətinin məlumatına görə, namizədlər iyulun 6-da saat 17:00-dək miq.edu.az/direktor linki vasitəsilə elektron qeydiyyatdan keçə bilərlər.
Məlumata görə, Proses Elm və Təhsil Nazirliyi tərəfindən mərkəzləşdirilmiş qaydada proqram təminatı vasitəsilə müsabiqə yolu ilə həyata keçirilir. Müsabiqə seçim və müsahibə mərhələsindən ibarət olacaq.
Bildirilib ki, seçim mərhələsində namizədlərin təqdim etdikləri məlumat və sənədlərin düzgünlüyü yoxlanılacaq. Bu mərhələni uğurla keçən namizədlər müsahibəyə dəvət olunacaqlar.
"Namizədlər müsahibə mərhələsinə qaydalara müvafiq olaraq
ardıcıllıq əsasında dəvət olunacaqlar. Müsahibə mərhələsi Elm və
Təhsil Nazirliyi tərəfindən yaradılmış müvafiq komissiyalar
tərəfindən keçiriləcək.
Namizədlər müsahibədə liderlik və strateji idarəetmə, pedaqoji və
tədris, idarəçilik və təşkilatçılıq, ünsiyyət və əlaqə,
problemlərin həlli və qərarvermə, rəqəmsal və texnoloji, eləcə də
sosial və emosional bacarıqları üzrə qiymətləndiriləcəklər", -
məlumatda əks olunub.
Qeyd edilib ki, müsabiqənin nəticələri ilə hər bir namizəd
“Şəxsi səhifə” vasitəsilə tanış ola biləcək.
Müsabiqədə uğur qazanan namizədlərlə əmək münasibətləri qüvvədə
olan qanunvericiliyin tələblərinə uyğun olaraq
rəsmiləşdiriləcək.
