Bakı. Trend:
Nizami Gəncəvi Beynəlxalq Mərkəzi London İqlim Fəaliyyəti Həftəsi çərçivəsində “Bakıdan Belemə və Türkiyəyə: Qlobal parçalanma dövründə iqlim əməkdaşlığının davam etdirilməsi” mövzusunda dəyirmi masa təşkil edib.
Bu barədə Nizami Gəncəvi Beynəlxalq Mərkəzindən məlumat verilib.
Bildirilib ki, tədbir COP29-un Bakı nəticələrindən COP30-un Braziliyanın Belem şəhərindəki gündəliyinə və COP31-in hazırlıq prosesinə keçid dövründə qlobal iqlim əməkdaşlığının davamlılığının təmin edilməsinə həsr olunub.
Dəyirmi masa interaktiv müzakirə formatında keçirilib. Müzakirələr zamanı COP29-un irsi və nəticələrinin qlobal iqlim fəaliyyətinə töhfəsi, iqlim öhdəliklərinin real icra mexanizmlərinə çevrilməsi, həmçinin COP konfransları arasında siyasi impulsun qorunması məsələləri diqqət mərkəzində olub. İştirakçılar iqlim əməkdaşlığının yalnız ekoloji məsələ deyil, həm də multilateralizmin, qlobal idarəetmənin və beynəlxalq etimadın gələcəyi üçün mühüm sınaq olduğunu qeyd ediblər.
Dəyirmi masada Azərbaycan Respublikası Prezidentinin iqlim məsələləri üzrə nümayəndəsi, COP29 Prezidenti Muxtar Babayev; COP29-un İqlim üzrə Yüksək Səviyyəli Çempionu, COP31 İqlim üzrə Yüksək Səviyyəli Çempionlarının baş müşaviri Kristian Mensah; İspaniyanın sabiq xarici işlər naziri Ana Palasio; Rumıniyanın sabiq Baş nazirinin müavini və sabiq ədliyyə naziri Ana Birçal; Böyük Britaniya Lordlar Palatasının üzvü, Birlik Təşkilatının sabiq Baş katibi Patrisia Skotland; UNESCO-nun İnklüziv və Dayanıqlı Şəhərlər üzrə Beynəlxalq Koalisiyasının sədri və Avropa Şəhərlərinin İrqçiliyə Qarşı Koalisiyasının prezidenti Benedetto Zaçhiroli çıxış ediblər. Tədbirin moderatoru Gürcüstanın sabiq Baş nazirinin müavini Eka Tkeşelaşvili olub.
Qeyd edək ki, dəyirmi masa COP29, COP30 və COP31 prioritetləri
arasında körpülərin qurulması, iqlim gündəliyində davamlılığın və
uzunmüddətli ambisiyanın gücləndirilməsi baxımından mühüm platforma
rolunu oynayıb.
Tədbirin sonunda iştirakçılar xatirə şəkli çəkdiriblər.