ADY Bakı-Tbilisi-Bakı marşrutu üzrə turizm şirkətləri ilə əməkdaşlıq edə bilərmi? - RƏY

İqtisadiyyat Materials 24 İyun 2026 20:10 (UTC +04:00)
ADY Bakı-Tbilisi-Bakı marşrutu üzrə turizm şirkətləri ilə əməkdaşlıq edə bilərmi? - RƏY
Firayə Nurizadə
Firayə Nurizadə
Bütün xəbərlər

Bakı. Trend:

Xəbər verdiyimiz kimi, Bakı və Tbilisi arasında sərnişin qatarlarının hərəkəti 6 illik fasilədən sonra bu ilin may ayında bərpa olunub. Marşrutun yenidən istifadəyə verilməsi sərnişinlər tərəfindən böyük maraqla qarşılanıb.

Lakin son günlər sosial şəbəkələrdə Bakı-Tbilisi-Bakı qatarına biletlərin satışı ilə bağlı müxtəlif iddialar səsləndirilir. Sosial şəbəkə paylaşımlarında bəzi turizm şirkətlərinin qatar üçün toplu şəkildə bilet aldığı, bu səbəbdən isə digər sərnişinlərin bilet əldə etməkdə çətinlik çəkdiyi bildirilir. Müzakirələr fonunda bilet satış mexanizmi və turizm şirkətlərinin bu prosesdəki rolu ilə bağlı suallar gündəmə gəlib.

Nəqliyyat eksperti Elməddin Muradlı Trend-ə açıqlamasında bildirib ki, turizm şirkətlərinin Bakı-Tbilisi-Bakı marşrutu üzrə qatar biletlərini turpaketlərin tərkibində təqdim etməsi qaydalara zidd hesab edilmir.

“Hazırda Azərbaycan Dəmir Yolları hər hansı turizm şirkəti ilə bu marşrut üzrə bilet satışı ilə bağlı əməkdaşlıq etmir. Bu, mövcud yüksək tələbat fonunda başadüşüləndir. Çünki biletlər kifayət qədər sürətlə satılır. Lakin gələcəkdə beynəlxalq təcrübəyə uyğun əməkdaşlıq mexanizmlərinin tətbiqi tam normal və məqbul hesab oluna bilər”, - deyə o bildirib.

Onun sözlərinə görə, turpaketlərin tərkibinə nəqliyyat, hotel, transfer, sığorta, bələdçi xidməti və digər komponentlərlə yanaşı, qatar biletlərinin də daxil edilməsi normal praktikadır.

“Mövcud sistem fərdi sərnişin identifikasiyası prinsipi üzərində qurulub. Belə ki, bilet konkret sərnişinin adına rəsmiləşdirilir və qatara minərkən elektron bilet şəxsiyyəti təsdiq edən sənədlə birlikdə yoxlanılır. Bir sərnişin öz adına yalnız bir bilet əldə edə bilər. Bununla yanaşı, ailə üzvləri, qohumlar və ya dostlar üçün də bilet almaq mümkündür, lakin burada da say məhdudiyyəti var. Bu, kifayət qədər şəffaf mexanizmdir”, - ekspert əlavə edib.

Elməddin Muradlının sözlərinə görə, turizm şirkətləri real sərnişinlərin məlumatları əsasında və qaydalara uyğun şəkildə bilet əldə edərək onu turpaketin tərkib hissəsi kimi təqdim edirlərsə, burada hər hansı problem yoxdur.

“Problem o zaman yaranır ki, şirkətlər əvvəlcədən böyük sayda bileti bloklayaraq sonradan onları paket adı altında daha yüksək qiymətə satmağa çalışırlar. Bu halda artıq turizm xidmətindən deyil, qeyri-şəffaf bilet vasitəçiliyindən söhbət gedə bilər”, - ekspert bildirib.

E.Muradlı qeyd edib ki, beynəlxalq təcrübədə dəmir yolu operatorları ilə turizm şirkətləri arasında əməkdaşlıq geniş yayılıb. Bir çox ölkələrdə tur operatorları üçün xüsusi satış mexanizmləri və qrup sifarişləri sistemi tətbiq olunur.

Onun sözlərinə görə, digər model isə rəsmi distribütor və ya broker xidmətləridir. Belə sistemlər vasitəsilə dəmir yolu operatorları ilə turizm şirkətləri, onlayn agentliklər və qlobal rezervasiya platformaları arasında əlaqə yaradılır.

Ekspert hesab edir ki, gələcəkdə bu praktikanın Bakı-Tbilisi-Bakı marşrutunda da tətbiqi mümkündür.

Turizm eksperti Əziz Şiriyev isə Trend-ə açıqlamasında bildirib ki, hazırda Bakı–Tbilisi istiqamətində qatarla təşkil olunan tur paketləri demək olar ki, mövcud deyil.

Onun sözlərinə görə, bunun əsas səbəbi biletlərin məhdud sayda olması və satışa çıxarıldıqdan qısa müddət sonra tükənməsidir. Bu sahədə fəaliyyət göstərən turizm şirkətləri ilə əməkdaşlıq imkanları mövcuddur. Lakin hazırda qatar biletlərinin tələbatdan az olması səbəbindən bu istiqamətdə turların təşkili faktiki olaraq mümkün deyil”.
Ə.Şiriyev vurğulayıb ki, beynəlxalq təcrübədə, xüsusilə Avropa ölkələrində dəmir yolu nəqliyyatı geniş yayılıb və şəhərlərarası, eləcə də ölkələrarası səfərlərdə mühüm rol oynayır.

Onun sözlərinə görə, qatarla səyahət sərnişinlərə marşrut boyu mənzərələri izləmək, şəhərləri yaxından görmək imkanı yaratdığı üçün həm rahat, həm də cəlbedici nəqliyyat növü hesab olunur. Ekspert əlavə edib ki, bir çox hallarda dəmir yolu nəqliyyatı hava nəqliyyatı ilə müqayisədə daha əlçatan qiymətlər təklif edir.

Turizm eksperti Rəhman Quliyev bildirib ki, turizm şirkətlərinin Bakı-Tbilisi-Bakı marşrutu üzrə qatar biletlərini turpaketlər çərçivəsində təqdim etməsi həm turistlər, həm də ölkə iqtisadiyyatı üçün müsbət haldır.

Onun sözlərinə görə, Azərbaycan Dəmir Yollarının Tbilisi istiqamətində qatar reyslərini bərpa etməsi Azərbaycan və Gürcüstan arasında turist mübadiləsinin genişlənməsinə xidmət edir.

“Bu marşrutun fəaliyyətə başlaması həm Gürcüstan, həm də Azərbaycan üçün məqbuldur. Burada qarşılıqlı turist axınından söhbət gedir. Bu da hər iki ölkənin iqtisadiyyatına mühüm töhfə verir. Eyni zamanda Gürcüstanda yaşayan çoxsaylı soydaşlarımız üçün də əlavə imkanlar yaradır”, - deyə ekspert qeyd edib.

R.Quliyev vurğulayıb ki, Gürcüstan Azərbaycan turistləri üçün yeni istiqamət deyil. Pandemiyadan sonra quru sərhədlərin bağlı qalması səbəbindən vətəndaşlar əsasən hava nəqliyyatından istifadə edirdilər.

“Bu gün dəmir yolu əlaqəsinin açılması turizm şirkətlərinə yeni məhsul formalaşdırmaq imkanı yaradıb. Qatar biletləri artıq müxtəlif turpaketlərin tərkib hissəsi kimi turistlərə təqdim olunur”, - o bildirib.

Ekspert hesab edir ki, bununla belə, turizm şirkətləri ilə Azərbaycan Dəmir Yolları arasında birbaşa müqavilənin olmaması onların bilet əldə edib satmasına mane olmur.

“Turizm şirkətlərinin öz müştəri bazası var. Onlar turistlərin Gürcüstana səfərlərini təşkil edir, qatar biletlərini əldə edərək digər xidmətlərlə birlikdə paket şəklində təqdim edirlər. Bu, vasitəçilik xidmətidir və tamamilə normal bazar praktikasıdır”, - deyə R.Quliyev qeyd edib.

Onun sözlərinə görə, turizm şirkətləri iqtisadi fəaliyyət göstərən və vergi ödəyən subyektlərdir. Bu baxımdan onların qatar biletlərini xidmət paketi çərçivəsində satması yeni xidmət növü olmaqla yanaşı, iqtisadi aktivliyə də töhfə verir.
R.Quliyev beynəlxalq təcrübədə də oxşar mexanizmlərin geniş tətbiq olunduğunu vurğulayıb.

“Bu gün turizm şirkətləri bir çox hallarda aşağıbüdcəli aviaşirkətlərlə birbaşa müqavilə olmadan da biletlər əldə edir, turistlərə təqdim edir və bu xidmətə görə marja qazanırlar. Qatar biletləri ilə bağlı tətbiq oluna biləcək model də mahiyyət etibarilə eynidir”, - ekspert bildirib.

O əlavə edib ki, gələcəkdə turizm şirkətləri ilə Azərbaycan Dəmir Yolları arasında rəsmi əməkdaşlıq mexanizmlərinin yaradılması bu sahədə xidmət keyfiyyətinin daha da artırılmasına və satış prosesinin təkmilləşdirilməsinə imkan verə bilər.

Xəbər lenti

Xəbər lenti