Bakı. Trend:
Parlamentlər arasında təcrübə mübadiləsi qanunvericiliyin təkmilləşdirilməsinə, birgə qərarların icrasına parlament nəzarətinin gücləndirilməsinə, eləcə də İslam Əməkdaşlıq Təşkilatına (İƏT) üzv ölkələr arasında ticarət, investisiya, innovasiya və humanitar əməkdaşlığın inkişafına xidmət edir.
Trend-in tədbirdə iştirak edən müxbiri xəbər verir ki, bunu Qırğızıstan Joqorku Keneşinin vitse-spikeri Jıldız Taalaybekkızı Bakıda İslam Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin Parlament İttifaqının (PUIC) 20-ci sessiyasının açılış mərasimində deyib.
O bildirib ki, Qırğızıstan Respublikası mehriban qonşuluq münasibətlərinin inkişafına, ikitərəfli əməkdaşlığın möhkəmləndirilməsinə və İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində qarşılıqlı fəaliyyətin genişləndirilməsinə sadiqdir.
“Biz sülhün, sabitliyin və rifahın təmin olunmasına yönəlmiş ümumi məqsədlərin həyata keçirilməsinə bundan sonra da töhfə verməyə hazırıq. Əminik ki, birgə səylər nəticəsində İƏT üzv ölkələrinin maraqları naminə etimad, sabitlik və dayanıqlı inkişaf məkanını daha da genişləndirə biləcəyik”, - deyə o qeyd edib.
Vitse-spiker vurğulayıb ki, bu gün İslam dünyası təhlükəsizlik, dayanıqlı inkişaf, humanitar əməkdaşlıq və beynəlxalq sabitliyin qorunması sahələrində ciddi çağırışlarla üzləşib.
“Belə şəraitdə qarşılıqlı hörmətə, etimada və ortaq həll yollarının tapılmasına əsaslanan açıq və məsuliyyətli dialoqun qorunması xüsusi əhəmiyyət daşıyır”, - deyə o bildirib.
Jıldız Taalaybekkızı qeyd edib ki, 2026-cı il Yaxın Şərqdə gərginliyin ciddi şəkildə artması ilə yadda qalıb və bu proses təkcə region üçün deyil, qlobal səviyyədə də sabitlik üçün böyük risklər yaradıb.
“Baş verən hadisələr beynəlxalq hüquq normalarına ciddi şəkildə əməl olunmasının, qarşıdurmanı dərinləşdirə biləcək addımlardan çəkinilməsinin və maraqlı tərəflər arasında siyasi dialoqun dəstəklənməsinin vacibliyini bir daha nümayiş etdirdi”, - deyə o vurğulayıb.
Onun sözlərinə görə, Qırğızıstan bütün mübahisələrin yalnız siyasi və diplomatik vasitələrlə, BMT Nizamnaməsi və beynəlxalq hüququn prinsipləri əsasında həll edilməsinin tərəfdarıdır.
“Biz hesab edirik ki, davamlı sülh və təhlükəsizlik yalnız danışıqlar, dövlətlərin maraqlarına qarşılıqlı hörmət və hamı üçün qəbul edilə bilən həll yollarının tapılması yolu ilə təmin oluna bilər”, - deyə o bildirib.
Qırğızıstan rəsmisi qeyd edib ki, ölkəsi 2027–2028-ci illərdə BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü qismində də bu prinsipləri təşviq etməyə davam edəcək.
“Qırğızıstanın BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilməsi zamanı göstərdikləri dəstəyə görə İƏT-ə üzv dövlətlərə səmimi təşəkkürümü bildirirəm”, - deyə o əlavə edib.
Vitse-spiker çıxışında İran və ABŞ arasında əldə olunmuş sülh razılaşmasına da toxunub.
“Qırğızıstan Respublikası İran İslam Respublikası ilə Amerika Birləşmiş Ştatları arasında sülh razılaşmasının əldə olunmasını alqışlayır və ümid edir ki, bu sənədin rəsmi şəkildə imzalanması uzunmüddətli və dayanıqlı sülh dialoqunun formalaşmasına töhfə verəcək”, - deyə o qeyd edib.
O, həmçinin Pakistan, Oman, Qətər, Türkiyə, Misir və Körfəz ölkələrinin dialoqun təşviqində göstərdikləri vasitəçilik səylərini yüksək qiymətləndirib.
“Region dövlətlərinin məsuliyyətli davranışı və təmkin nümayiş etdirməsi gərginliyin azalmasına şərait yaradıb və vəziyyətin daha da pisləşməsinin qarşısını alıb”, - deyə o bildirib.
Jıldız Taalaybekkızı çıxışında iqlim dəyişiklikləri və təbii ehtiyatlardan səmərəli istifadə məsələlərinə də xüsusi diqqət ayırıb.
Onun sözlərinə görə, dağlıq ölkə olan Qırğızıstan üçün buzlaqların sürətlə əriməsi, dağ ekosistemlərinin deqradasiyası, su ehtiyatlarının azalması və təbii fəlakətlərin artması ciddi narahatlıq doğurur.
“Bu səbəbdən Qırğızıstan beynəlxalq dağ gündəliyinin təşviqinə xüsusi əhəmiyyət verir və ‘Bişkek+25’ İkinci Qlobal Dağ Sammitinə hazırlıq işlərini davam etdirir”, - deyə o vurğulayıb.
Vitse-spiker bildirib ki, sammit buzlaqların qorunması, su təhlükəsizliyi, dağlıq ərazilərin iqlim dəyişikliklərinə uyğunlaşdırılması və dayanıqlı ekosistemlərin inkişafı üzrə ortaq yanaşmaların hazırlanmasına xidmət edəcək.
“Qırğızıstan İƏT çərçivəsində ətraf mühitin mühafizəsi və iqlim dəyişikliklərinə uyğunlaşma sahəsində əməkdaşlığın genişləndirilməsinə, eləcə də qlobal iqlim gündəliyi üzrə uzunmüddətli fəaliyyət planının formalaşdırılmasına çağırır”, - deyə o qeyd edib.
Çıxışının sonunda Jıldız Taalaybekkızı sessiya iştirakçılarına uğurlar arzulayıb və toplantının təşkilatçılığına görə Azərbaycana təşəkkür edib.
“Ümid edirəm ki, bugünkü görüş təşkilatımızın qarşısında duran vəzifələrin uğurla həll olunması istiqamətində mühüm addım olacaq. Azərbaycanın dostlarımıza göstərdiyi qonaqpərvərliyə və parlamentlərarası dialoqun inkişafına xidmət edən bu konfransın yüksək səviyyədə təşkilinə görə təşəkkürümü bildirirəm”, - deyə o əlavə edib.
