İvanovka.Trend:
Aqrar Xidmətlər Agentliyi tərəfindən dövlət–özəl sektor əməkdaşlığı
çərçivəsində İsmayıllı rayonunda yeni fəaliyyətə başlayan İvanovka
Aqroparkında “Toxumçuluğun inkişafında sertifikatlaşmanın
əhəmiyyəti” mövzusunda sahə günü keçirilib.
Trend-in
mediaturdakı müxbiri xəbər verir ki, sahə günündə media
nümayəndələri, fermerlər, yerli seleksiyaçılar, toxum
istehsalçıları və aqrar sahə üzrə mütəxəssislər iştirak
ediblər.
Tədbir Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və
akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına
dair 2026–2030-cu illər üçün Dövlət Proqramının həyata
keçirilməsinə dair Tədbirlər Planında nəzərdə tutulan toxumçuluğun
(tingçiliyin) inkişafı üzrə hüquqi, institusional və dəstək
tədbirlərinin icrası çərçivəsində təşkil olunub. Tədbirin əsas
məqsədi ölkədə toxumçuluğun inkişafını təşviq etmək, fermerlər
arasında sertifikatlı toxumlardan istifadənin genişləndirilməsi,
yerli sortların tanıdılması, müasir aqrotexniki tədbirlərin nümayiş
etdirilməsi, eləcə də dövlət–özəl sektor əməkdaşlığının aqrar
sahənin inkişafına verdiyi töhfələrin iştirakçıların diqqətinə
çatdırılması olub.
Sahə günü çərçivəsində iştirakçılar İvanovka Aqroparkında
yaradılmış toxumluq əkin sahələri və yerli sortlarla tanış olublar.
Onlara sortların məhsuldarlığı, torpaq-iqlim şəraitinə uyğunluğu və
xəstəliklərə davamlılığı barədə məlumat verilib. Bildirilib ki,
aqroparkda növbəli əkin sistemi və izolyasiya qaydalarına riayət
olunması yüksək keyfiyyətli toxum istehsalına şərait yaradır. Eyni
zamanda qeyd olunub ki, yerli şəraitə uyğun sortların yaradılması
və sertifikatlı toxumlardan istifadə məhsuldarlığın artırılmasına,
məhsul itkilərinin azaldılmasına və toxumçuluq potensialının
gücləndirilməsinə mühüm töhfə verir. Aqrar Xidmətlər Agentliyi
tərəfindən həyata keçirilən aprobasiya, laborator analiz və
sertifikatlaşdırma tədbirlərinin də fermerlərin keyfiyyətli
toxumlarla təminatında mühüm rol oynadığı vurğulanıb.
Qeyd edək ki, 2025-ci ildə Aqrar Xidmətlər Agentliyi tərəfindən 80
min tondan çox toxum və 7 milyona yaxın ting sertifikatlaşdırılıb.
Bu göstərici ölkədə toxumçuluq sahəsinin ardıcıl inkişafını,
fermerlərin yüksək keyfiyyətli toxum və tinglərlə təminatının
gücləndirilməsini, eləcə də kənd təsərrüfatında məhsuldarlığın
artırılması istiqamətində həyata keçirilən tədbirlərin uğurlu
nəticələrini əks etdirir.
