Bakı. Trend:
Azərbaycan təkcə Cənubi Qafqazda deyil, onun hüdudlarından kənarda gedən sülh proseslərinə də töhfə verir.
Trend-in tədbirdəki müxbiri xəbər verir ki, bunu Azərbaycan Respublikası Milli Məclisinin deputatı, ADA Universitetinin prorektoru Fariz İsmayılzadə “Azərbaycan orta güc kimi: xarici siyasət, regional təsir və qlobal iştirak” mövzusunda konfransda çıxışı zamanı bildirib.
Onun sözlərinə görə, Azərbaycanın paytaxtı bir sıra ölkələr arasında danışıqlar üçün platforma rolunu oynayıb və Azərbaycan mediator kimi çıxış edib:
"Bu, həm İsrail-Suriya, həm də Türkiyə-İsrail danışıqlarına aiddir. Vaxtilə Bakıda NATO-nun və Rusiyanın hərbi rəhbərləri arasında da görüşlər keçirilib. Bütün bunlar göstərir ki, illər keçdikcə Azərbaycanın regionda mediator rolu daha da güclənir. Bununla yanaşı, Azərbaycan müxtəlif ölkələrdə sülhməramlı missiyalarda da iştirak edir. Əfqanıstan və İraqda Azərbaycanın sülhməramlı qüvvələrinin fəaliyyəti mühüm rol oynayıb. Azərbaycan regional sülh və təhlükəsizliyə də böyük töhfələr verir. Bu kontekstdə humanitar yardımlar da xüsusi qeyd olunmalıdır. Azərbaycan 40-dan çox ölkəyə humanitar yardım göndərib, eyni zamanda müxtəlif inkişaf proqramlarında iştirak edib. Bu təşəbbüslər dolayısı ilə sabitliyə və sülhə xidmət edir, həmin ölkələrdə ekstremizmə və terrorizmə qarşı mübarizəyə, eləcə də sabitliyin qorunmasına dəstək verir".
Fariz İsmayılzadə qeyd edib ki, Azərbaycan diplomatiyasından danışarkən ənənəvi olaraq enerji sahəsi və nəqliyyat dəhlizləri ön plana çıxır:
"Bu istiqamətdə Azərbaycanın rolu barədə çox yazılıb və danışılıb. Xüsusilə qeyd etmək lazımdır ki, hazırda Orta Asiya ilə Avropanı birləşdirən strateji və kritik nəqliyyat dəhlizinin əsas iştirakçılarından biri Azərbaycandır. Azərbaycanın tranzit imkanları və nəqliyyat dəhlizləri olmadan Avropa ilə Asiya arasında əlaqələrin təmin edilməsi, həm quru, həm də hava nəqliyyatı baxımından xeyli çətinləşər.
Nəzərə almaq lazımdır ki, regionumuzda münaqişələr tez-tez baş verir və bu səbəbdən bəzi ölkələrin hava məkanı müəyyən dövrlərdə bağlanır. Belə hallarda Azərbaycan üzərindən keçən marşrutlar mühüm və etibarlı bağlantı rolunu oynayır. Təhlükəsizlik məsələlərindən danışarkən adətən Azərbaycanın Avropanın enerji təhlükəsizliyinə verdiyi töhfələr vurğulanır. Lakin bu gün Azərbaycan artıq Suriyaya da qaz ixrac edir və bununla enerji təhlükəsizliyinə töhfə verdiyi coğrafiyanı daha da genişləndirir".
Fariz İsmayılzadə, həmçinin diqqətə çatdırıb ki, Azərbaycan bir neçə qlobal beynəlxalq təşkilatda aparıcı rola malik olub. Onun sözlərinə görə, Azərbaycan 2011-ci ildə BMT Təhlükəsizlik Şurasına seçilmiş, çox böyük töhfələr vermişdi:
"Sonralar Azərbaycan Qoşulmama Hərəkatına sədrlik etdi və bu, çox uğurlu bir sədrlik oldu. Azərbaycanın sədrlik fəaliyyəti o qədər uğurlu oldu ki, hətta üzv ölkələr onun sədrlik müddətinin bir il artırılmasını Azərbaycandan xahiş etdilər. Azərbaycan həmin təşkilata sədrlik etdiyi dövrdə yeni təşəbbüslər və yeni ideyalar irəli sürdü. O cümlədən Gənclər Hərəkatının və Parlament Şəbəkəsinin yaradılması buna misaldır. Halbuki bu təşkilat 30-40 ildən çox fəaliyyət göstərsə də, belə mühüm elementlərə malik deyildi. Məhz Azərbaycanın sədrlik etdiyi dövrdə bunlar yaradıldı.
Daha sonra, Azərbaycan BMT-nin COP29 Sammitinə ev sahibliyi edib. Bu da çox uğurlu beynəlxalq tədbir idi və beynəlxalq iqlim dəyişiklikləri ilə mübarizəyə mühüm töhfələr verdi. Azərbaycan bu təşkilatların bəzilərinin formalaşmasında fəal rol oynayan ölkələrdən biridir və onları həqiqətən də qlobal siyasətdə ön plana çıxarıb. Xüsusilə Türk Dövlətləri Təşkilatını qeyd etmək istərdim ki, bu təşkilat hazırda Avrasiya regionunda, hətta dünya miqyasında aparıcı təşkilatlardan birinə çevrilib. Digər təşkilatlar da var ki, məsələn, İslam Əməkdaşlıq Təşkilatında Azərbaycan çox fəal rol oynayır.
Bu nümunələri ona görə göstərirəm ki, Azərbaycan həm yeni regional təşkilatların yaradılmasında, həm də qeyri-rəsmi əməkdaşlıq formatlarının formalaşdırılmasında fəal iştirak edir. Məsələn, Türkiyə-Azərbaycan-Pakistan formatı var ki, bu da regional sülhə və sabitliyə töhfə verir".
