Azərbaycanın sığorta bazarı böyüyüb

İqtisadiyyat Materials 24 İyun 2026 14:40 (UTC +04:00)
Azərbaycanın sığorta bazarı böyüyüb
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Bu ilin yanvar-may aylarında Azərbaycanda fəaliyyət göstərən sığorta şirkətləri vasitəsilə 732,633 milyon manat məbləğində sığorta haqqı toplanıb.

Bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) məlumatında bildirilib.

Məlumata görə, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 13,3 milyon manat və ya 1,85 faiz çoxdur.
Hesabat dövründə sığorta ödənişlərinin həcmi isə 409,636 milyon manat təşkil edib ki, bu da illik müqayisədə 94,8 milyon manat və ya 30,1 faiz artım deməkdir.

Sığorta bazarındakı müsbət dinamika Bakıda keçirilən XI Azərbaycan Beynəlxalq Sığorta Forumu (AIIF-2026) çərçivəsində də diqqət mərkəzində olub.

Trend-in müxbirinin məlumatına görə, Azərbaycan Sığortaçılar Assosiasiyasının Müşahidə Şurasının sədri Ülviyyə Cabbarova forumda çıxışı zamanı bildirib ki, son dörd ildə Azərbaycanın sığorta bazarı təxminən iki dəfə artıb.

Onun sözlərinə görə, bazarın inkişafı dövlət tərəfindən müəyyən edilmiş strateji hədəflər, Azərbaycan Mərkəzi Bankının həyata keçirdiyi islahatlar və bazar iştirakçılarının birgə fəaliyyəti nəticəsində mümkün olub.

“Əldə olunan nəticələrə baxmayaraq, bazarın daha da böyüməsi üçün böyük potensial mövcuddur. Azərbaycanda sığortanın əhatə səviyyəsinin artırılması üçün geniş imkanlar var və məqsəd bu potensialın tam reallaşdırılmasıdır”, - deyə Ü.Cabbarova vurğulayıb.

O qeyd edib ki, əsas məqsəd yalnız bazar göstəricilərinin artırılması deyil, sığortanın insanların həyatında daha mühüm yer tutmasına və iqtisadiyyatın dayanıqlı inkişafına töhfəsinin gücləndirilməsinə nail olmaqdır.

Trend-ə özəl müsahibə verən İnvestisiya və İxrac Kreditlərinin Sığortalanması üzrə İslam Korporasiyasının (ICIEC) Biznesin İnkişafı Departamentinin direktoru Yasir Alaki isə bildirib ki, təşkilat Azərbaycanda fəaliyyətini genişləndirmək üçün əhəmiyyətli potensial görür.

Onun sözlərinə görə, Azərbaycan 2020-ci ildən ICIEC-in üzvüdür və bu müddət ərzində təşkilat ölkədə maliyyə və sənaye sektorlarında müxtəlif layihələri dəstəkləyib.
“Bu günə qədər Azərbaycanda ticarət və investisiyalar daxil olmaqla təxminən 120 milyon ABŞ dolları həcmində əməliyyatları sığorta təminatı ilə əhatə etmişik. Hesab edirik ki, bu hələ kiçik göstəricidir və ölkədə xidmətlərimizi genişləndirmək üçün böyük potensial mövcuddur”, - deyə Y.Alaki bildirib.
O qeyd edib ki, ICIEC yerli banklarla əməkdaşlığı genişləndirməyi, ixracın maliyyələşdirilməsini dəstəkləməyi və Azərbaycana yeni investisiyaların cəlb olunmasına töhfə verməyi planlaşdırır.

Xəbər lenti

Xəbər lenti