Avropa pensiya sistemləri demoqrafik və əmək bazarı çağırışları ilə üzləşir - "PensionsEurope"

İqtisadiyyat Materials 24 İyun 2026 12:18 (UTC +04:00)
Avropa pensiya sistemləri demoqrafik və əmək bazarı çağırışları ilə üzləşir - "PensionsEurope"
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Avropa ölkələrində pensiya sistemləri fərqli modellər əsasında qurulsa da, onların hamısı oxşar çağırışlarla üzləşir.

Trend-in tədbirdəki müxbiri xəbər verir ki, bunu "PensionsEurope" təşkilatının Baş katibi və Baş icraçı direktoru (CEO) Matti Leppala Bakıda keçirilən XI Azərbaycan Beynəlxalq Sığorta Forumunda bildirib.

Onun sözlərinə görə, Avropada hər bir ölkənin özünəməxsus pensiya sistemi mövcuddur və bu sistemlər eyni problemlərlə qarşılaşsalar da, müxtəlif prinsiplər əsasında formalaşdırılıb.

"Bir çox ölkələr, xüsusilə də Avropanın iri iqtisadiyyatları olan Fransa, İtaliya və İspaniya əsasən dövlət tərəfindən maliyyələşdirilən bölüşdürücü (pay-as-you-go) pensiya sistemlərinə güvənirlər. Bununla yanaşı, bir sıra ölkələrdə uzun illərdir fondlaşdırılmış pensiya mexanizmləri tətbiq edilir. Könüllü fərdi pensiyalar da həm milli səviyyədə, həm də Avropa siyasətində getdikcə daha mühüm rol oynayır", - deyə o qeyd edib.

M.Leppalanın sözlərinə görə, pensiya sistemləri ilə bağlı müzakirələr bu gün xüsusilə aktualdır, çünki dünyanın bir çox ölkəsi əhalinin qocalması, əmək bazarlarının dəyişməsi və qeyri-formal məşğulluğun artması kimi problemlərlə üzləşir.

"Avropada özünüməşğul şəxslərin, platforma əsaslı işçilərin və qiq-iqtisadiyyat iştirakçılarının sayı artır. Onların bir çoxu uzun illər ərzində ənənəvi işçilərin faydalandığı pensiya mexanizmlərinin əhatə dairəsindən kənarda qalır", - deyə o vurğulayıb.

O əlavə edib ki, eyni zamanda Avropa hökumətləri ciddi fiskal təzyiqlərlə qarşılaşır və vətəndaşların dövlət institutlarına etimadı əvvəlki dövrlərlə müqayisədə zəifləyib.

"Pensiya sistemləri üçün əsas məsələ təkcə sabah pensiyaların necə ödənilməsi deyil. Daha vacib olan uzun onilliklər ərzində insanların bu sistemlərə inamını qoruyub saxlamaqdır. Məhz buna görə pensiya sistemlərinin dizaynı və quruluşu xüsusi əhəmiyyət daşıyır", - deyə o bildirib.

M.Lepplanın sözlərinə görə, Avropada müxtəlif pensiya modelləri mövcuddur. İsveçrə, Niderland, Danimarka və İsveç kimi ölkələrdə fondlaşdırılmış peşə pensiyaları mühüm yer tutur. Bu sistemlər sosial təminatın birinci sütunundan kənarda fəaliyyət göstərən və iş yeri ilə əlaqəli ikinci sütun pensiya mexanizmləri hesab olunur.

O qeyd edib ki, Skandinaviya ölkələri pensiya təminatı baxımından ən uğurlu modellərdən birini formalaşdırıb.

"Bu ölkələr güclü üçsütunlu pensiya modelinə malikdir. Buraya etibarlı dövlət sosial təminatı, inkişaf etmiş peşə pensiyaları və fərdi könüllü pensiya yığımları daxildir. Xüsusilə İsveçdə fərdi pensiya yığımları və şəxsi qənaətlər pensiya sisteminin vacib hissəsini təşkil edir. Skandinaviya ölkələri dövlət və fondlaşdırılmış pensiya elementlərini uğurla birləşdirə biliblər", - deyə Matti Leppala əlavə edib.

Xəbər lenti

Xəbər lenti