Bakı. Trend:
Çoxsütunlu pensiya sistemləri pensiya təminatının müxtəlif məqsədlərinə nail olmaq və riskləri bölüşdürmək baxımından daha effektiv hesab olunur.
Trend-in tədbirdəki müxbiri xəbər verir ki, bunu "PensionsEurope" təşkilatının Baş katibi və Baş icraçı direktoru (CEO) Matti Leppala Bakıda keçirilən XI Azərbaycan Beynəlxalq Sığorta Forumunda bildirib.
Onun sözlərinə görə, heç bir pensiya sütunu bütün məqsədləri eyni vaxtda təmin edə bilmir və buna görə də müxtəlif mexanizmlərin birləşdirilməsi vacibdir.
"Dövlət pensiyaları əsasən yoxsulluğun qarşısının alınmasına və sosial həmrəyliyin təmin edilməsinə xidmət edir. Bu elementlər Azərbaycan pensiya sistemində də aydın şəkildə görünür. Lakin təkcə dövlət pensiyaları bütün sosial-iqtisadi hədəfləri əhatə edə bilməz. OECD də vurğulayır ki, hər bir siyasət məqsədi üçün ayrıca alət və mexanizm tələb olunur", - deyə o qeyd edib.
M.Lepplanın sözlərinə görə, əmək fəaliyyəti ilə bağlı olan və sosial təminat sisteminə daxil edilməyən peşə pensiyaları gəlirlərin əvəzlənməsinə və uzunmüddətli maliyyələşməyə xidmət edir.
"Fərdi pensiyalar isə insanlara daha çevik qənaət imkanları yaradır. Avropada çox sayda insan peşə pensiya sistemlərinin əhatə dairəsindən kənarda qalır. Buna görə də onların fərdi qaydada vəsait toplamaq imkanlarına ehtiyacı artır", - deyə o bildirib.
M.Lepplala qeyd edib ki, ən güclü pensiya sistemləri müxtəlif sütunları birləşdirərək riskləri şaxələndirir.
"Ən uğurlu pensiya sistemləri təqaüd risklərini investorların investisiya portfellərində riskləri bölüşdürdüyü kimi diversifikasiya edir", - deyə o vurğulayıb.
O bildirib ki, Avropanın ən güclü pensiya sistemlərinin əksəriyyəti birinci, ikinci və üçüncü sütunların birgə fəaliyyət göstərdiyi çoxsütunlu modellərə əsaslanır.
M.Lepplalanın sözlərinə görə, İsveçrə uzun illərdir güclü və sabit peşə pensiya sistemi ilə seçilir, Niderland isə Avropanın ən inkişaf etmiş ikinci sütun pensiya modelinə malikdir.
"Niderlandda əmək qüvvəsinin 90 faizdən çoxu ikinci sütun pensiya sistemi ilə əhatə olunub. Əhalisinin sayına görə kiçik ölkə olmasına baxmayaraq, burada 1,5 trilyon avrodan çox pensiya aktivləri formalaşıb ki, bu da onu Avropanın ən böyük fondlaşdırılmış pensiya bazarına çevirir", - deyə o qeyd edib.
M.Lepplala vurğulayıb ki, İsveçrə və Niderland modelləri fərqli prinsiplər əsasında qurulub. İsveçrədə iştirak məcburi xarakter daşıdığı halda, Niderlandda sistem işəgötürənlərlə işçilər arasında bağlanan kollektiv müqavilələr əsasında fəaliyyət göstərir.
"Bu model Niderlandın sosial və institusional mühitində effektiv işləyir. Lakin onu olduğu kimi digər ölkələrə tətbiq etmək mümkün deyil. Çünki vətəndaş cəmiyyətinin inkişaf səviyyəsi, sosial tərəfdaşların rolu və əmək bazarının strukturu ölkələr arasında ciddi şəkildə fərqlənir. Buna görə də hər bir ölkə pensiya sistemində iştirakın artırılması üçün özünəməxsus siyasət alətləri formalaşdırmalıdır", - deyə o əlavə edib.
Matti Leppala bildirib ki, İsveçin pensiya sistemi müəyyən mənada Azərbaycanın sistemi ilə oxşarlıq təşkil edən şərti müəyyən edilmiş töhfə (Notional Defined Contribution – NDC) modelinə əsaslanır. Onun sözlərinə görə, bu sistemdə ehtiyat fondları yaradılır və həmin vəsaitlər ayrıca investisiya olunur.
"İsveçdə kollektiv müqavilələr əsasında formalaşmış və artıq 100 ildən çox tarixə malik olan güclü peşə pensiyası sistemi fəaliyyət göstərir. Bununla yanaşı, ölkədə könüllü və fərdi pensiya yığımları da geniş yayılıb", – deyə o vurğulayıb.
M.Leppala qeyd edib ki, Finlandiyanın modeli isə fərqli xüsusiyyətlərə malikdir. Belə ki, ölkədə birinci sütun üzrə gəlirlə əlaqəli pensiya sistemi həm qismən maliyyələşdirilən, həm də "pay-as-you-go" (cari daxilolmalar hesabına ödəniş) prinsipləri əsasında fəaliyyət göstərir.
"Bu sistem çərçivəsində pensiya öhdəliklərinin təxminən 25-30 faizi maliyyələşdirilir. Vəsaitlər özəl pensiya sığorta şirkətləri tərəfindən idarə olunur. Bu, dünyada nadir rast gəlinən modellərdən biridir. Hökumət nə aktivlərin, nə də öhdəliklərin idarə olunmasında iştirak edir. İşəgötürənlər və işçilər tərəfindən ödənilən töhfələrin bir hissəsi investisiya edilir, böyük hissəsi isə cari pensiya ödənişlərinə yönəldilir", – deyə o bildirib.
Onun sözlərinə görə, Finlandiyada bu məqsədlə toplanmış aktivlərin həcmi ölkənin ümumi daxili məhsuluna (ÜDM) bərabərdir.
M.Leppala vurğulayıb ki, Finlandiyada pensiya və ya pensiya hesablanan gəlirlər üzrə hər hansı məhdudiyyət tətbiq edilmir.
"Hər kəs eyni sistem çərçivəsində tam şəkildə əhatə olunur. Məhz buna görə də Finlandiyada ikinci pensiya sütunu geniş inkişaf etməyib. Çünki əhalinin əksəriyyəti artıq qismən maliyyələşdirilən birinci sütun vasitəsilə tam təminat əldə edir", – deyə o əlavə edib.
