İvanovka.Trend:
İvanovka Aqroparkında 100 min kubmetrlik su anbarı tikiləcək.
Trend-in mediatur müxbiri xəbər verir ki, bunu İvanovka Aqroparkının direktoru Ramin Əlifov jurnalistlərə açıqlamasında bildirib.
Onun sözlərinə görə, aqroparkın ümumi layihə dəyəri 25,1 milyon manat təşkil edir:
“Aqroparkın ümumi layihə dəyəri 25,1 milyon manat təşkil edir və hazırda 5200 hektardan artıq əkin sahəsini əhatə edir. Ötən il müəssisədə təxminən 17 min ton məhsul istehsal olunub, 600 ton məhsul isə ixrac edilib”.
R.Əlifov qeyd edib ki, aqroparkın əsas fəaliyyət istiqamətlərindən biri toxumçuluqdur:
“Bu il 1300 hektardan artıq sahədə yerli və xarici sortlardan ibarət toxumluq əkinlər həyata keçirilib. Məqsəd həm müəssisənin daxili toxum tələbatını ödəmək, həm də bazarı keyfiyyətli və seleksiya olunmuş toxumlarla təmin etməkdir. İvanovka Aqroparkında geniş miqyasda raps əkini də həyata keçirilib”.
Onun sözlərinə görə, yüksək ixrac potensialına malik olan bu məhsul üzrə bol məhsul gözlənilir və gələcəkdə ixrac nəzərdə tutulur.
“Dövlət dəstəyi ilə həyata keçiriləcək layihələr çərçivəsində ərazidə nasosxana, magistral su kəməri və 100 min kubmetr həcmində su anbarının tikintisi planlaşdırılır. Bu layihələrin su təminatının yaxşılaşdırılmasına və istehsal imkanlarının genişləndirilməsinə xidmət edir”.
R.Əlifov bildirib ki, aqroparkda yeni suvarma layihələrinin həyata keçirilməsi taxıl və heyvandarlıq istehsalının artırılmasına imkan yaradacaq.
“Aqroparkda gələcəkdə 1000 hektar sahədə pivot suvarma sistemlərinin, 500 hektar sahədə isə damcı suvarma sistemləri əsasında meyvə bağlarının salınması nəzərdə tutulur”,- deyə aqropark direktoru əlavə edib.
