Hamburq. Trend:
Hamburqda “Azərbaycan Hava Yolları” QSC-yə (AZAL) ilk Airbus A321neo təyyarəsinin təhvil verilməsi mərasimində AerCap şirkətinin Avropa, Yaxın Şərq və Afrika (EMEA) regionu üzrə baş vitse-prezidenti və rəhbəri Con Qovan çıxış edib.
Trend-in xüsusi müxbirinin məlumatına görə, o bildirib ki, AZAL-a ilk A321neo-nun təhvil verilməsi şirkət üçün mühüm mərhələdir və bu, AerCap tərəfindən aviaşirkətə təqdim ediləcək üç A321neo təyyarəsindən birincisidir.
Qovan qeyd edib ki, AerCap bu inkişaf mərhələsində AZAL-ı dəstəkləyən ilk lizinq şirkəti olmaqdan qürur duyur və bu əməkdaşlıq aviaşirkətin modernizasiya və böyümə strategiyasına sadiqliyini əks etdirir.
Onun sözlərinə görə, AerCap ilə AZAL arasında əməkdaşlıq 2024-cü ildən başlayıb və proqram çərçivəsində ümumilikdə üç A321neo və üç A320neo təyyarəsinin təhvil verilməsi nəzərdə tutulur. Artıq A320neo təyyarələrinin bir hissəsi bu il əvvəlcə aviaşirkətə təqdim olunub və qalan təyyarələrin yaxın aylarda təhvil verilməsi planlaşdırılır.
Qovan vurğulayıb ki, yeni nəsil təyyarələr AZAL-ın əməliyyat imkanlarını gücləndirəcək, marşrut şəbəkəsinin genişlənməsinə şərait yaradacaq və sərnişinlər üçün daha yüksək komfort təmin edəcək. Eyni zamanda, A321neo yüksək əməliyyat səmərəliliyi ilə daha dayanıqlı aviasiya inkişafına töhfə verir.
O əlavə edib ki, AerCap AZAL ilə tərəfdaşlığı yüksək qiymətləndirir və onun qlobal aviasiya bazarında mövqelərinin güclənməsinə dəstəyini davam etdirəcək.
