Bakı. Trend:
Azərbaycanda bir sıra icbari sığorta növləri üzrə sığorta məbləğlərinin dəyişdirilməsi imkanına baxılır.
Trend-in tədbirdəki müxbiri xəbər verir ki, bunu Bakıda keçirilən Beynəlxalq Sığorta Forumu çərçivəsində jurnalistlərə Azərbaycan Mərkəzi Bankının baş direktoru Vüsal Qurbanov deyib.
Onun sözlərinə görə, hazırlanmaqda olan konsepsiya çərçivəsində bədbəxt hadisələrdən icbari fərdi sığorta üzrə sığorta məbləğlərinin dəyişdirilməsi məsələsi araşdırılır.
“Biz beynəlxalq təcrübəni öyrənirik və bu məsələnin konsepsiyada əks olunması imkanını nəzərdən keçiririk. Nəqliyyat vasitələri sahiblərinin mülki məsuliyyətinin icbari sığortası ilə bağlı qanunvericilikdə də müəyyən dəyişikliklər nəzərdə tutulur”, - deyə V.Qurbanov bildirib.
O xatırladıb ki, hazırda əmlaka dəyən zərər üzrə sığorta ödənişi limiti 5 min manat təşkil edir:
“Bu məbləğ avtomatik bərpa olunan məbləğdir. Yəni üçüncü şəxsin əmlakına dəymiş zərərə görə 5 min manat ödənildikdən sonra sığorta məbləği sıfırlanmır, avtomatik olaraq yenidən 5 min manata bərpa olunur”.
Onun sözlərinə görə, bu mexanizm digər sığorta növlərinin əksəriyyətindən fərqlənir:
“Digər sığorta növlərində ödəniş həyata keçirildikdən sonra sığorta məbləği ödənilmiş məbləğ qədər azalır. Bu sığorta növündə isə fərqli prinsip tətbiq olunur”.
