Azərbaycan Cənubi Qafqazda liderdir - Fərhad Məmmədov

Cəmiyyət Materials 24 İyun 2026 13:00 (UTC +04:00)
Azərbaycan Cənubi Qafqazda liderdir - Fərhad Məmmədov
Fəridə Məmmədova
Fəridə Məmmədova
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan Cənubi Qafqazda lider dövlətdir. Digər tərəfdən, həyata keçirilən layihələrə görə Azərbaycan və Gürcüstan birlikdə Cənubi Qafqazın geosiyasi və geoiqtisadi məzmununu formalaşdıran dövlətlərdir.

Trend-in tədbirdəki müxbiri xəbər verir ki, bunu Cənubi Qafqaz Tədqiqatlar Mərkəzinin direktoru Fərhad Məmmədov “Azərbaycan Orta Güc Kimi: Xarici Siyasət, Regional Təsir və Qlobal İştirak” mövzusunda keçirilən konfransda çıxışında bildirib.

Onun sözlərinə görə, regional prizmadan baxdıqda Azərbaycan doğrudan da çox güclü mövqeyə malikdir.

"Geosiyasi identiklik bizə elə imkanlar verir ki, fərqli məkanlarla əlaqədə olaq, baxmayaraq ki, özümüz müəyyən bir məkanda yerləşirik.

Yüzlərlə hərbi bazan ola bilər, amma istədiklərinə digər regionlarda nail ola bilməzsən. Və yaxud ən güclü dövlətə, böyük hərbi büdcəyə və digər imkanlara sahib ola bilərsən, amma bir anda problem yarandıqda geri addım atmalı olarsan. Yəni, güclü dövlətlər də hər zaman istədikləri hər şeyə nail ola bilmirlər. Və yaxud Avropanın bəzi böyük və çox varlı dövlətləri var, amma özlərini müdafiə etmə sistemində zəifdirlər".

O qeyd edib ki, ona görə də bu meyarlar dəyişkən xarakter daşıyır və səbəbdən bu gün orta gücün səciyyəvi xüsusiyyətlərini müəyyənləşdirərkən tarixi dövrü də nəzərə almaq lazımdır:

"Məsələn, müəyyən bir dövrdə, müəyyən qərar qəbuletmə sistemində və konkret coğrafiyada hansısa dövlət orta güc kimi qəbul edilə bilər. Digər tərəfdən, ölkələr özləri beynəlxalq sistemdə yerlərini müəyyən edirlər və buna görə məsuliyyət daşıyırlar. Eyni zamanda, bu iddialarını əsaslandırmaq üçün addımlar da atmalıdırlar. Buna nail olub-olmamaqları isə başqa məsələdir. Amma bu gün bizim coğrafiyada - Mərkəzi Asiya, Cənubi Qafqaz və hətta Balkanları da nəzərə alsaq - iki dövləti orta güc kimi göstərə bilərik. Bunlar Azərbaycan və Qazaxıstandır. Həqiqətən də, bu gün qeyd olunduğu kimi, qlobal təşəbbüslər irəli sürmək, vasitəçilik etmək, öz problemlərini əsasən öz imkanları ilə həll etmək, bütün geosiyasi mərkəzlərlə münasibətləri normal və ya yüksək səviyyədə qoruyub saxlamaq hər iki dövlət üçün xarakterikdir.

Yəni, biz orta gücü səciyyələndirmək üçün hansısa düsturu götürüb ölkələrə tətbiq etmirik. Əksinə, ölkələrin həyata keçirdikləri praktiki fəaliyyətdən çıxış edərək nəzəriyyəyə gəlməliyik, nəinki nəzəriyyədən praktikaya getməliyik. Mənə elə gəlir ki, məhz bu yanaşma orta gücün səciyyəvi xüsusiyyətlərini formalaşdırır".

Fərhad Məmmədov vurğulayıb ki, qərarları müstəqil şəkildə qəbul etmək ən mühüm və ən böyük meyarlardan biridir:

"Bu formul böyük gücə “yox” demək qabiliyyətidir. O zaman ki, böyük gücün regiona yönəlik siyasəti milli maraqlarla ziddiyyət təşkil edir, ona “yox” deməyi bacarmaq. “Hə” demək asandır - razılaşırsan, iştirak edirsən, müəyyən imtiyazlar qazanırsan. Böyük güclər hər zaman regiona hərbi və ya sərt güc vasitəsilə gəlmirlər; bəzən iqtisadi ittifaqlar formasında da gəlirlər. Lakin böyük gücə “yox” demək qabiliyyəti və bu mövqedə dayanmaq orta gücü səciyyələndirən əsas xüsusiyyətlərdən biridir".

Fərhad Məmmədov vurğulayıb ki, ABŞ, Avropa İttifaqı və digər xarici tərəfdaşlarla əməkdaşlıq imkanları mövcuddur. Çinlə isə bu istiqamətdə artıq müəyyən nailiyyətlər əldə olunub. Burada əsas diqqət iqtisadi və texnoloji əməkdaşlığa yönəldilir:

"Bu istiqamətdə hər hansı bir mərkəzdən asılılığın qarşısını almaq baxımından Azərbaycanın geosiyasi identikliyi və strateji mövqeyi bizə imkan verir ki, həm Çin, həm Avropa İttifaqı, həm də ABŞ ilə eyni vaxtda əməkdaşlıq həyata keçirək. Məqsədimiz bir tərəfdən regionda bu sahədə geri qalmamaq, digər tərəfdən isə ölkəmizin inkişafını təmin etməkdir. Çünki iqtisadi və texnoloji inkişaf hər bir dövlətin həm təhlükəsizliyi, həm də vətəndaşlarının rifahı üçün həyati əhəmiyyət daşıyan amillərdəndir".

Məqalədə:

Xəbər lenti

Xəbər lenti