Almatıda keçirilən tədbirdə Azərbaycanın nəqliyyat siyasətinin əsas istiqamətləri barədə məlumat verilib (FOTO)

İqtisadiyyat Materials 24 İyun 2026 16:36 (UTC +04:00)
Almatıda keçirilən tədbirdə Azərbaycanın nəqliyyat siyasətinin əsas istiqamətləri barədə məlumat verilib (FOTO)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Beynəlxalq Nəqliyyat Forumu və BMT-nin Asiya və Sakit Okean üzrə İqtisadi və Sosial Komissiyasının birgə təşkilatçılığı ilə Qazaxıstanın Almatı şəhərində yüksəksəviyyəli regional dialoq təşkil olunub.

Bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.

Tədbirdə Mərkəzi və Cənub-Şərqi Asiyada dayanıqlı nəqliyyat sistemlərinin inkişafı, regional yük daşımalarının səmərəliliyinin artırılması və nəqliyyat sektorunun dekarbonizasiyası istiqamətində görülən işlər müzakirə edilib.

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin əməkdaşı Nağı Əhmədov çıxışında Azərbaycanın nəqliyyat və logistika sektorunda həyata keçirdiyi islahatlar, regional bağlantıların gücləndirilməsi ilə bağlı təşəbbüsləri, gələcək inkişaf planları barədə məlumat verib. Qeyd edib ki, infrastrukturun inkişafı, dövlət qurumları və tərəfdaşlar arasında koordinasiya və əməkdaşlığın gücləndirilməsi, rəqəmsallaşmanın sürətləndirilməsi ölkəmizin nəqliyyat siyasətinin əsas istiqamətlərindəndir.

Nağı Əhmədov Orta Dəhlizin Avrasiya məkanında strateji əhəmiyyətini xüsusi vurğulayaraq bildirib ki, marşrut beynəlxalq yük daşımalarının şaxələndirilməsinə, təchizat zəncirlərinin dayanıqlığının artırılmasına və region ölkələri arasında əməkdaşlığın dərinləşməsinə mühüm töhfə verir. Orta Dəhliz, həmçinin dənizə çıxışı olmayan inkişaf etməkdə olan ölkələr üçün qlobal bazarlara çıxış imkanlarını genişləndirən vacib nəqliyyat bağlantısıdır.

Tədbir iştirakçıları sərhədlərarası daşımaların inkişafına mane olan əsas çağırışları da nəzərdən keçiriblər. Müzakirələr zamanı sərhəd-keçid prosedurlarının optimallaşdırılması, rəqəmsal həllərin tətbiqi, məlumat mübadiləsinin təkmilləşdirilməsi, normativ-hüquqi çərçivələrin uyğunlaşdırılması kimi məsələlər ön plana çıxıb. Əməkdaşlığın davam etdirilməsinin vacibliyi vurğulanıb.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti