Bakı. Trend:
Sığorta Qara dəniz və Transxəzər enerji dəhlizlərinin həyata keçirilməsində əsas rol oynayır.
Trend-in tədbirdəki müxbirinin verdiyi məlumata görə, bunu VIG Re-nin Mərkəzi və Şərqi Avropa (CEE) və Beynəlxalq Bazarlar üzrə baş anderrayteri Dmitri Qamankov Bakıda keçirilən Azərbaycan Beynəlxalq Sığorta Forumunda bildirib.
"Qara və Xəzər dənizləri üzərində enerji dəhlizlərinin yaradılması layihələri təkcə infrastruktur təşəbbüsləri deyil, onlar həm də güclü risk idarəetmə sistemi və sığorta dəstəyi tələb edir. Sığorta və təkrarsığorta sənayesi baxımından bu, yalnız enerji, davamlı inkişaf və strateji ambisiyalarla bağlı deyil. Biz risk, dayanıqlıq və etibar haqqında bir hekayə görürük. Bu cür layihələr yalnız mühəndislik həllərinə əsaslanmır. Onlar qanunvericiliyə, qarşı tərəflərə və ən əsası, sistem sıradan çıxdığı təqdirdə geri dönməz zərərin baş verməyəcəyinə inam üzərində qurulur. Sığorta burada əsas rol oynayır", - deyə o bildirib.
D. Qamankov qeyd edib ki, Qara Dəniz Enerji Dəhlizinin yaradılması ideyası Avropa Birliyinin enerji mənbələrini şaxələndirmək və yaşıl enerjiyə keçidi sürətləndirmək istəyi fonunda yaranıb.
"2023-cü ildə Azərbaycan, Gürcüstan, Rumıniya və Macarıstan hökumətləri bərpa olunan enerjini Avropaya ötürmək üçün enerji sistemlərini Qara dənizin dibindən sualtı kabel vasitəsilə birləşdirmək qərarına gəliblər. Kabelin uzunluğu təxminən 1200 kilometr olacaq. Tikintisi başa çatdıqdan sonra, müxtəlif ölkələrin enerji sistemlərini birləşdirən dünyanın ən uzun yüksək gərginlikli birbaşa cərəyan (HVDC) kabeli olacaq", - deyə o qeyd edib.
D. Qamankov həmçinin Transxəzər Enerji Dəhlizinin inkişafını da vurğulayıb.
Onun sözlərinə görə, Qazaxıstan, Özbəkistan və Azərbaycan Xəzər dənizi boyunca oxşar layihənin həyata keçirilməsini nəzərdən keçirirlər. "Avropanın enerjiyə tələbatı uzunmüddətli perspektivdə güclü qalacaq və buna görə də Xəzər dənizinin dibinə sualtı kabel çəkmək imkanı araşdırılır. Qara dəniz enerji kabelinin gücü tamamlandıqdan sonra təxminən bir gigavatt olacaq. Bu, böyük bir elektrik stansiyasının və ya tək bir nüvə elektrik stansiyası blokunun gücü ilə müqayisə edilə bilər. Bu güc təxminən 500.000 ev təsərrüfatını elektrik enerjisi ilə təmin edəcək", - deyə o bildirib.
VIG Re nümayəndəsi layihənin artıq konsepsiya mərhələsindən kənarda olduğunu vurğulayıb.
Onun sözlərinə görə, layihənin əsas iştirakçıları müəyyən edilib, marşrutlar hazırlanıb, enerji sisteminə inteqrasiya planlaşdırılması davam edir və risklərin sığortalanması üçün daha güclü yanaşmalara ehtiyac artır.
"Son zamanlar iştirakçı ölkələrin hökumətləri təşəbbüsün daha da inkişaf etdirilməsini fəal şəkildə müzakirə edirlər. Xüsusilə, Qazaxıstan parlamenti artıq müvafiq müqavilələri təsdiqləyib, Gürcüstan və Rumıniya hakimiyyəti enerji kabeli ilə yanaşı əlavə infrastrukturun tikintisi də daxil olmaqla, layihənin genişləndirilməsi imkanlarını nəzərdən keçirir", - deyə D.Qamankov bildirib.
