Bakı. Trend:
Azərikard Prosessinq Mərkəzi Mərkəzin xidmət göstərdiyi bankların bəzi müştərilərinin kart hesablarında baş vermiş problemlə bağlı açıqlama yayıb.
Azərikarddan verilən məlumata görə, bu hal banklararası hesablaşma fayllarının emalı zamanı Azərikard-dan asılı olmayan texniki səbəbdən baş vermiş təkrarlanmalarla bağlı yaranıb.
"Təkrarlanmış əməliyyatlar ləğv edilərək hesablar tədricən bərpa olunmaqdadır. Məsələ yaxın zamanlarda tam həllini tapacaq", - məlumatda vurğulanıb.
xxx
16:21
Bir neçə bankın kart sistemlərində texniki problem müşahidə olunur.
Trend-in müşahidələrinə əsasən, Azərbaycan Beynəlxalq Bankı (ABB), “Expressbank” və “AccessBank” daxil olmaqla bir sıra bankların kart hesablarında balansdan vəsaitlərin silinməsi halları qeydə alınıb.
Azərbaycan Beynəlxalq Bankı (ABB) bildirib ki, problem 3-cü tərəf provayderi ilə bağlı texniki nasazlıqdan qaynaqlanır və müvəqqəti xarakter daşıyır. Qurumdan qeyd olunub ki, məsələ qısa zamanda aradan qaldırılacaq.
“Hazırda 3-cü tərəfli texniki çətinlik səbəbindən kartlarda əlavə vəsait silinməsi baş verib. Problem yaxın zamanda aradan qaldırılacaq”, – ABB-dən bildirilib.
“AccessBank”dan verilən məlumata görə, nasazlıq texniki xarakter daşıyır və bir neçə bankı əhatə edir. Bankdan qeyd olunub ki, müştərilər məlumatlandırılıb və problemin həlli istiqamətində iş aparılır.
Eyni vəziyyət “Expressbank”da da müşahidə olunur və texniki xidmətlər tərəfindən problemin aradan qaldırılması istiqamətində tədbirlər görülür.
