AZAL-ın yenidən Leap-1A mühərriklərini seçməsi CFM texnologiyasına etimadın göstəricisidir

İqtisadiyyat Materials 24 İyun 2026 16:12 (UTC +04:00)
AZAL-ın yenidən Leap-1A mühərriklərini seçməsi CFM texnologiyasına etimadın göstəricisidir
Ləman Zeynalova
Ləman Zeynalova
Bütün xəbərlər

Hamburq. Trend:

Hamburqda AZAL-a ilk Airbus A321neo təyyarəsinin təhvil verilməsi mərasimində CFM şirkətinin Airbus proqramları üzrə baş meneceri Bruno Kastola çıxış edib.

Trend-in xüsusi müxbirinin məlumatına görə, o bildirib ki, Airbus A320neo ailəsinə daxil olan təyyarələrdə istifadə edilən Leap-1A mühərrikləri əvvəlki nəsil mühərriklərlə müqayisədə təxminən 15 faiz daha az yanacaq sərf edir.

Kastola AZAL nümayəndə heyətinə təyyarənin təhvil verilməsi münasibətilə təşəkkür edərək qeyd edib ki, aviaşirkət artıq təxminən bir ildir A320neo təyyarələrində Leap-1A mühərriklərini istifadə edir və bu müddət ərzində onların performansını yüksək qiymətləndirib.

Onun sözlərinə görə, AZAL-ın A321neo üçün yenidən Leap-1A mühərriklərini seçməsi CFM-in texnologiyasına və xidmətinə olan etimadın açıq göstəricisidir.

Kastola əlavə edib ki, Leap-1A mühərrikləri artıq təxminən on ildir dünya üzrə geniş şəkildə istifadə olunur və 2 500-dən çox A320neo ailəsi təyyarəsi bu mühərriklə təchiz edilib.

O vurğulayıb ki, bu mühərrik etibarlılıq baxımından əvvəlki nəsil CFM56-5B ilə müqayisə oluna bilər, lakin yanacaq sərfiyyatı xeyli aşağıdır və bu, onun əsas üstünlüklərindən biridir.

CFM nümayəndəsi bildirib ki, şirkət mühərriklərin əməliyyat səmərəliliyinin artırılması və texniki xidmət xərclərinin optimallaşdırılması üzərində işləri davam etdirəcək.

O həmçinin qeyd edib ki, müştərilərlə münasibətlərdə əsas dəyərlər etimad, hörmət və əməkdaşlıqdır və bu tərəfdaşlıq gələcəkdə daha da genişlənəcək.

Sonda Kastola AZAL-a uğurlar arzulayıb və şirkətin Paris yaxınlığında yerləşən mühərrik istehsalı mərkəzinə dəvət edib.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti