Azərbaycanda müəssisələr üzrə 80 prioritet rəqəmsal transformasiya həlli müəyyən edilib

İqtisadiyyat Materials 24 İyun 2026 18:48 (UTC +04:00)
Azərbaycanda müəssisələr üzrə 80 prioritet rəqəmsal transformasiya həlli müəyyən edilib
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

İqtisadiyyat Nazirliyində “Azərbaycan Respublikasında rəqəmsal iqtisadiyyatın inkişafına dair 2026-2029-cu illər üçün Strategiya” çərçivəsində həyata keçirilən “Rəqəmsal İqtisadiyyatın İnkişafına Dəstək Proqramı”nın iştirakçısı olan müəssisələrin rəhbərləri ilə görüş keçirilib.

Nazirliyin məlumatına görə, görüş proqram üzrə görülmüş işlərin nəticələrinin təqdim olunması, müəssisələrdə texnoloji transformasiya yol xəritələrinin icra vəziyyətinin qiymətləndirilməsi və növbəti mərhələlər üzrə əməkdaşlıq imkanlarının müəyyənləşdirilməsi məqsədilə təşkil olunub.

Görüşdə iqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyev bildirib ki, texnoloji transformasiya Azərbaycanın iqtisadi inkişaf gündəliyinin əsas istiqamətlərindən biridir. Vurğulanıb ki, ölkənin rəqəmsal iqtisadiyyat strategiyası biznes, dövlət və cəmiyyət səviyyəsində transformasiyanı sürətləndirməyi, innovasiyaların tətbiqini genişləndirməyi və iqtisadiyyatın rəqabət qabiliyyətini artırmağı hədəfləyir. Qeyd olunub ki, dövlət tərəfindən formalaşdırılan təşviq və dəstək mexanizmləri özəl sektorun rəqəmsal texnologiyalara keçidini sürətləndirmək və müəssisələrin qlobal dəyər zəncirlərində mövqeyini gücləndirmək məqsədi daşıyır.

Həmçinin, 4SİM-in icraçı direktoru Fariz Cəfərov “Rəqəmsal İqtisadiyyatın İnkişafına Dəstək Proqramı” çərçivəsində ölkədə müəssisələrin texnoloji transformasiyası istiqamətində görülən işlər barədə məlumat verib.

Bildirilib ki, proqram çərçivəsində pərakəndə satış, qida sənayesi, tikinti və sənaye malları, metallurgiya və sənaye istehsalı kimi sahələri təmsil edən müəssisələrdə istehsal və biznes proseslərinin təhlili aparılıb. Eyni zamanda müəssisələrin texnoloji hazırlıq və dayanıqlılıq səviyyələri beynəlxalq metodologiyalar əsasında ölçülüb.

Proqramın icrası zamanı müəssisələr üzrə 400-dən çox potensial rəqəmsal transformasiya təşəbbüsü və 160-dan çox dayanıqlılıq praktikası qiymətləndirilib. Bu təşəbbüslər arasından təxminən 80 prioritet həll seçilərək onlar üzrə texniki, əməliyyat və maliyyə əsaslandırmaları hazırlanıb. Hər bir müəssisə üçün texnoloji transformasiya və dayanıqlı inkişaf istiqamətlərini əhatə edən fərdi yol xəritələri formalaşdırılıb.

Görüş çərçivəsində beynəlxalq ekspertlər tərəfindən proqramın nəticələrinə və qabaqcıl beynəlxalq təcrübələrə dair təqdimatlar keçirilib. Təqdimatlarda müəssisələrin rəqəmsal transformasiya üzrə prioritetləri, məlumat əsaslı idarəetmə yanaşmaları, süni intellekt və digər qabaqcıl texnologiyaların tətbiq imkanları, həmçinin Dünya İqtisadi Forumunun Qlobal Mayak Şəbəkəsinin təcrübəsi əsasında texnoloji transformasiyanın məhsuldarlıq və dayanıqlılığa təsiri barədə məlumat verilib.

Müzakirələr zamanı proqram iştirakçısı olan müəssisələrin rəhbərləri hazırlanmış yol xəritələrinin icrası istiqamətində əldə olunan ilkin nəticələr və növbəti mərhələlərə dair fikir və təkliflərini bölüşüblər.

Xəbər lenti

Xəbər lenti