Bakı. Trend:
Azərbaycan Memarlıq və İnşaat Universiteti (AzMİU) ali təhsil müəssisələrinin BMT-nin Davamlı İnkişaf Məqsədlərinə (SDG) töhfəsini qiymətləndirən dünyanın ən nüfuzlu beynəlxalq reytinqlərindən biri olan "Times Higher Education (THE) Impact Rankings 2026" nəticələrində mühüm uğura imza ataraq qlobal akademik məkandakı mövqeyini daha da gücləndirib.
Açıqlanan nəticələrə əsasən, AzMİU dünyanın 130 ölkəsindən 1603 ali təhsil müəssisəsi arasında 801-1000-ci qrupda qərarlaşıb. Universitetin əldə etdiyi nəticələr təhsil, elm, sosial məsuliyyət, ekoloji dayanıqlılıq və institusional inkişaf istiqamətlərində həyata keçirilən fəaliyyətlərin beynəlxalq səviyyədə yüksək qiymətləndirildiyini bir daha təsdiqləyib.
AzMİU dünyanın ilk 100 universiteti sırasında
AzMİU-nun ən yüksək nəticəsi BMT-nin “Yoxsulluğa son” (SDG 1) məqsədi üzrə qeydə alınıb. Universitet bu istiqamətdə qiymətləndirilən 931 ali təhsil müəssisəsi arasında 79-cu yerə yüksələrək dünyanın ilk 100 universiteti sırasına daxil olub.
Bu nəticə universitetdə sosial inklüzivliyin gücləndirilməsi, təhsildə bərabər imkanların yaradılması, həssas sosial qrupların dəstəklənməsi və tələbəyönümlü sosial siyasətin uğurla həyata keçirildiyinin beynəlxalq təsdiqidir.
Ekoloji dayanıqlılıq sahəsində qlobal uğur
AzMİU ekoloji dayanıqlılıq istiqamətində də mühüm nəticələr əldə edib.
Universitet “Sudakı həyat” (SDG 14) istiqaməti üzrə dünyanın 101-200, “Quruda həyat” (SDG 15) istiqaməti üzrə isə 201-300-cü universitetləri arasında yer alaraq ətraf mühitin qorunması, ekoloji maarifləndirmə və dayanıqlı inkişaf sahəsində həyata keçirdiyi fəaliyyətlərlə beynəlxalq səviyyədə tanınıb.
Sosial məsuliyyət göstəricilərində dünya üzrə ilk 400-lük
AzMİU bir sıra mühüm istiqamətlər üzrə dünyanın ən yaxşı universitetləri arasında yer alıb.
Universitet:
“Gender bərabərliyi” (SDG 5) üzrə 301–400,
“Təmiz su və sanitariya” (SDG 6) üzrə 301–400,
“Layiqli əmək və iqtisadi artım” (SDG 8) üzrə 301–400,
“Məsuliyyətli istehlak və istehsal” (SDG 12) üzrə 301–400-cü yerlərdə qərarlaşıb.
Bu göstəricilər AzMİU-da gender bərabərliyinin təşviqi, sosial rifah, dayanıqlı idarəetmə və məsuliyyətli inkişaf prinsiplərinin universitet həyatının ayrılmaz hissəsinə çevrildiyini nümayiş etdirir.
17 Davamlı İnkişaf Məqsədi üzrə beynəlxalq tanınma
THE Impact Rankings 2026 nəticələrinə görə AzMİU BMT-nin Davamlı İnkişaf Məqsədlərinin bütün əsas istiqamətləri üzrə qiymətləndirilərək aşağıdakı nəticələri əldə edib:
SDG 1 – Yoxsulluğa son: 79-cu yer
SDG 2 – Aclığa son: 401–600
SDG 3 – Sağlam həyat və rifah: 1001+
SDG 4 – Keyfiyyətli təhsil: 601–800
SDG 5 – Gender bərabərliyi: 301–400
SDG 6 – Təmiz su və sanitariya: 301–400
SDG 7 – Əlçatan və təmiz enerji: 401–600
SDG 8 – Layiqli əmək və iqtisadi artım: 301–400
SDG 9 – Sənaye, innovasiya və infrastruktur: 601–800
SDG 10 – Bərabərsizliklərin azaldılması: 401–600
SDG 11 – Dayanıqlı şəhərlər və icmalar: 401–600
SDG 12 – Məsuliyyətli istehlak və istehsal: 301–400
SDG 13 – İqlim dəyişikliyi ilə mübarizə: 601–800
SDG 14 – Sudakı həyat: 101–200
SDG 15 – Quruda həyat: 201–300
SDG 16 – Sülh, ədalət və güclü institutlar: 601–800
SDG 17 – Məqsədlər naminə tərəfdaşlıq: 801–1000
Bir il ərzində əhəmiyyətli irəliləyiş
2026-cı il nəticələri AzMİU-nun dayanıqlı inkişaf sahəsində son illərdə həyata keçirdiyi strategiyanın uğurla nəticələndiyini göstərir.
Universitet ötən illə müqayisədə “Keyfiyyətli təhsil” (SDG 4) istiqamətində göstəricilərini əhəmiyyətli dərəcədə yaxşılaşdırıb, “Təmiz su və sanitariya” (SDG 6) və “Dayanıqlı şəhərlər və icmalar” (SDG 11) istiqamətləri üzrə reytinqdə mövqeyini gücləndirib. Eyni zamanda “Layiqli əmək və iqtisadi artım” (SDG 8) sahəsində irəliləyiş əldə olunub, “Məqsədlər naminə tərəfdaşlıq” (SDG 17) istiqaməti üzrə isə tam hesabatlılıq göstəricisi təmin edilib.
Dayanıqlı inkişaf universitet strategiyasının əsas istiqamətlərindəndir
Əldə olunan nəticələr AzMİU-da təhsilin keyfiyyətinin yüksəldilməsi, beynəlxalq əməkdaşlıqların genişləndirilməsi, elmi tədqiqatların gücləndirilməsi, yaşıl kampus təşəbbüslərinin həyata keçirilməsi və sosial məsuliyyət layihələrinin sistemli şəkildə inkişaf etdirilməsinin beynəlxalq səviyyədə yüksək qiymətləndirildiyini göstərir.
Bu uğur həm də AzMİU-nun qlobal ali təhsil məkanında nüfuzunun artdığını, universitetin dayanıqlı inkişaf sahəsində regionun aparıcı ali təhsil müəssisələrindən birinə çevrildiyini nümayiş etdirir.
Qeyd edək ki, AzMİU qarşıdakı dövrdə də BMT-nin Davamlı İnkişaf Məqsədlərinə töhfəsini artırmaq, beynəlxalq tərəfdaşlıqları genişləndirmək, innovativ və dayanıqlı inkişaf təşəbbüslərini gücləndirmək istiqamətində fəaliyyətini davam etdirəcək.