Bakı. Trend:
Avropa İttifaqı Ukrayna üçün nəzərdə tutulan 90 milyard avroluq maliyyə paketinin ilk tranşı olan 3,2 milyard avronu bu gün Kiyevə köçürəcək.
Bu barədə Avropa İttifaqının genişlənmə məsələləri üzrə komissarı Marta Kos Polşanın Qdansk şəhərində keçirilən Ukraynanın Bərpası Konfransının (URC2026) açılış mərasimində çıxışı zamanı məlumat verib.
Onun sözlərinə görə, sözügedən vəsaitin ilk hissəsi artıq yaxın saatlarda Ukraynanın sərəncamına veriləcək.
Marta Kos qeyd edib ki, Aİ yay fasiləsinə qədər Ukraynanın üzvlük prosesi çərçivəsində daha beş danışıqlar klasterinin açılmasına nail olacağına ümid edir. Xatırladılıb ki, ilk klaster iyunun 15-də fəaliyyətə başlayıb.
"Ukrayna gələcəkdə Avropa İttifaqının üzvü olacaq və bu məqsədə çatmaq üçün hamımız birgə çalışmalıyıq", – deyə komissar vurğulayıb.
O əlavə edib ki, ayrılan 90 milyard avroluq dəstək paketi Ukraynanın mövcud imkanlarından maksimum istifadə etməsinə və mövqelərini gücləndirməsinə kömək edə bilər.
"Rusiya yeni şəraitə tam uyğunlaşana qədər qarşıdakı altı aylıq dövrdən mümkün qədər səmərəli yararlanmaq lazımdır. Ukrayna Avropa İttifaqının bir hissəsi olmadan qitədə davamlı təhlükəsizlikdən danışmaq çətindir", – deyə Marta Kos bildirib.