ADY Çin şirkətlərindən yeni sərnişin qatarları və vaqonları almağı planlaşdırır (FOTO)

İqtisadiyyat Materials 25 İyun 2026 11:52 (UTC +04:00)
ADY Çin şirkətlərindən yeni sərnişin qatarları və vaqonları almağı planlaşdırır (FOTO)
Firayə Nurizadə
Firayə Nurizadə
Bütün xəbərlər

Bakı.Trend:

“Azərbaycan Dəmir Yolları” QSC Çin şirkətlərindən yeni sərnişin qatarları və vaqonları almağı planlaşdırır.

Bu barəd ADY-nin Mətbuat xidmətindən məlumat verilib.

“AZCON Holding şirkətlərindən olan “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Rövşən Rüstəmov Çin Xalq Respublikasına səfəri çərçivəsində bu ölkənin “CRRC Zhuzhou Locomotive Co., Ltd.” şirkətində olub, şirkətin rəhbəri Van Çiaolin ilə görüşüb.

Görüşdə Azərbaycanda dəmir yolu ilə sərnişindaşımanın inkişafı və müasir hərəkət tərkibi parkının genişləndirilməsi müzakirə olunub. Qeyd edilib ki, dünyada hərəkət tərkiblərinin istehsalı üzrə aparıcı şirkətlərdən biri olan “CRRC Zhuzhou” ADY ilə əməkdaşlığın inkişafında maraqlıdır”,-deyə məlumatda bildirilib.

Qurumun Mətbuat xidmətindən qeyd edilib ki, ADY sədri Rövşən Rüstəmov Azərbaycanda dəmir yolu nəqliyyatının modernləşdirilməsi sərnişinlərə daha rahat, təhlükəsiz, etibarlı və dayanıqlı xidmət göstərilməsi baxımından prioritet istiqamətlər olduğunu bildirib:

“ADY-nin hədəflərindən biri artan sərnişin tələbatına çevik cavab verən müasir hərəkət tərkibi parkı formalaşdırmaqdır. Yeni sərnişin qatarlarının alınması üzrə danışıqlar həm şəhərətrafı, həm də rayonlararası marşrutlarda xidmət keyfiyyətinin yüksəldilməsi baxımından mühüm əhəmiyyət daşıyır”,-deyə R.Rüstəmov qeyd edib.

ADY-nin Mətbuat xidmətindən bildirilib ki, görüşdə Azərbaycanın rayonlararası marşrutları üçün nəzərdə tutulan 4 yeni sərnişin qatarının alınması müzakirə edilib, “CRRC Zhuzhou” tərəfindən təqdim olunan qatarlara baxış keçirilib. Tərəflər qatarların texniki xüsusiyyətləri, təhlükəsizlik sistemləri, enerji səmərəliliyi və texniki xidmət imkanlarını müzakirə ediblər.

“Bununla yanaşı, Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 30 yanvar tarixli Sərəncamı ilə təsdiq edilmiş “Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025–2030-cu illər üçün Dövlət Proqramı” çərçivəsində 20 ədəd sərnişin qatarının alınması məsələsi də müzakirə olunub. Çin tərəfinin bu istiqamətdə təklifləri dinlənilib, layihənin texniki, kommersiya və icra mexanizmləri barədə fikir mübadiləsi aparılıb”,-deyə ADY-nin Mətbuat xidmətindən bildirilib.

Qurumun Mətbuat xidmətindən əlavə edilib ki, ADY nümayəndə heyəti həmçinin “CRRC Nanjing Puzhen Co.” şirkətində olub, bu şirkətin rəhbəri Yan Qi ilə görüşüb.

“Bildirilib ki, “CRRC Nanjing Puzhen Co., Ltd.” sərnişin vaqonları, elektrik qatarları və digər hərəkət tərkiblərinin istehsalı sahəsində geniş təcrübəyə malikdir. Şirkətin bu sahədə texnoloji imkanları ADY-nin sərnişindaşıma parkının modernləşdirilməsi üzrə gələcək layihələri üçün əməkdaşlıq perspektivlərini aktuallaşdırır.

Görüş zamanı 4 ədəd yeni sərnişin qatarının və 50 ədəd sərnişin vaqonunun alınması ilə bağlı texniki və kommersiya məsələləri geniş müzakirə olunub. Tərəflər qatar və vaqonların texniki xüsusiyyətləri, təhlükəsizlik sistemləri, sərnişin komfortu və texniki xidmət imkanları, ehtiyat hissələri ilə təminat, həmçinin personalın təlimi və texnologiya transferi məsələləri ətrafında fikir mübadiləsi aparıblar”,-deyə QSC-nin Mətbuat xidmətindən bildirilib.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti