Bakı. Trend:
Azərbaycanın İslam Əməkdaşlıq Təşkilatı (İƏT) və onun Parlament İttifaqı çərçivəsində fəal iştirakı ölkəmizin İslam dünyasında artan nüfuzunun və beynəlxalq əməkdaşlığa verdiyi töhfənin göstəricisidir.
Bunu Trend-ə açıqlamasında Milli Məclisin deputatı, Azərbaycan-Şimali Kipr Türk Cümhuriyyəti parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü Vüqar İskəndərov deyib.
Onun sözlərinə görə, Prezident İlham Əliyevin İslam Əməkdaşlıq Təşkilatının üzvü olan dövlətlərin Parlament İttifaqı Konfransının 20-ci Sessiyasının iştirakçılarına müraciətində əks olunan məqamlar Azərbaycanın İslam dünyasında oynadığı mühüm rolu bir daha təsdiqləyir.
Deputat bildirib ki, müasir beynəlxalq münasibətlər sistemində müsəlman ölkələri arasında həmrəyliyin gücləndirilməsi, ortaq maraqların müdafiəsi və əməkdaşlığın genişləndirilməsi xüsusi əhəmiyyət daşıyır. Bu baxımdan Azərbaycan son illər yalnız regional deyil, həm də İslam dünyasının mühüm siyasi və diplomatik mərkəzlərindən birinə çevrilib.
"Azərbaycanın İslam Əməkdaşlıq Təşkilatı və onun Parlament İttifaqı çərçivəsində fəaliyyəti təkcə təşkilatdaxili münasibətlərlə məhdudlaşmır. Ölkəmiz uzun illərdir ki, İslam həmrəyliyinin möhkəmləndirilməsi, parlament diplomatiyasının inkişaf etdirilməsi və üzv dövlətlər arasında siyasi, iqtisadi və humanitar əlaqələrin genişləndirilməsi istiqamətində fəal rol oynayır. Bu fəaliyyət nəticəsində Azərbaycan İslam dünyasında etibarlı tərəfdaş və təşəbbüskar dövlət kimi nüfuz qazanıb", - deyə o qeyd edib.
V.İskəndərov vurğulayıb ki, İslam Əməkdaşlıq Təşkilatı Azərbaycanın milli maraqlarının müdafiəsində hər zaman prinsipial mövqe sərgiləyib.
"Ermənistanın işğalçılıq siyasətinin qınanması, Azərbaycanın suverenliyi və ərazi bütövlüyünə ardıcıl dəstək verilməsi, eləcə də işğaldan azad edilmiş ərazilərdə aparılan yenidənqurma və bərpa proseslərinin alqışlanması bunun bariz nümunələridir. Təşkilatın müxtəlif qətnamə və bəyanatlarında bu məsələlərin öz əksini tapması, həmçinin Ermənistanın Azərbaycana qarşı təcavüzü ilə bağlı yaradılmış Təmas Qrupunun fəaliyyəti İslam dünyasının ölkəmizə göstərdiyi həmrəyliyin konkret ifadəsidir", - deyə deputat bildirib.
Onun sözlərinə görə, otuz ilə yaxın davam etmiş işğal dövründə Azərbaycan torpaqlarında təkcə yaşayış məntəqələri deyil, həm də zəngin dini və mədəni irs məqsədli şəkildə dağıdılıb.
"Şəhər və kəndlərin viran qoyulması ilə yanaşı, 67 məsciddən 65-nin məhv edilməsi faktı Ermənistanın yalnız Azərbaycana deyil, bütövlükdə İslam mədəniyyətinə qarşı yönəlmiş vandalizm siyasətini ortaya qoyur. Bu gün azad edilmiş ərazilərdə həyata keçirilən genişmiqyaslı bərpa layihələri isə Azərbaycanın öz tarixi və dini irsinə verdiyi dəyərin göstəricisidir", - deyə o əlavə edib.
Deputat qeyd edib ki, Azərbaycanın beynəlxalq gündəmdə xüsusi diqqət yetirdiyi məsələlərdən biri də islamofobiya ilə mübarizədir.
"Son illər dünyanın müxtəlif bölgələrində müsəlmanlara qarşı ayrı-seçkilik halları, dini nifrətin təşviqi və müqəddəs dəyərlərin təhqir olunması ciddi narahatlıq doğurur. Azərbaycan bu təhlükəni qlobal çağırış kimi qiymətləndirərək beynəlxalq ictimaiyyətin diqqətini problemin həllinə yönəltməyə çalışır. Eyni zamanda bəzi Qərb siyasi dairələrinin, o cümlədən müəyyən Avropa institutlarının İslamı ekstremizm və terrorizmlə əlaqələndirməyə hesablanmış qərəzli yanaşmaları haqlı olaraq tənqid edilir", - deyə V.İskəndərov vurğulayıb.
Onun sözlərinə görə, Azərbaycanın fərqləndirici xüsusiyyətlərindən biri də İslam dəyərlərinə sadiqliyi dinlərarası və mədəniyyətlərarası dialoq siyasəti ilə uzlaşdırmasıdır.
"Ölkəmiz müxtəlif beynəlxalq tədbirlərə ev sahibliyi etməklə İslam dünyasının mədəni və iqtisadi əməkdaşlığının gücləndirilməsinə mühüm töhfələr verir. Bu siyasət Azərbaycanın həm İslam aləmində, həm də daha geniş beynəlxalq platformalarda nüfuzunu artırır", - deyə deputat bildirib.
V.İskəndərov sonda qeyd edib ki, Azərbaycanın 2027-ci ildə İslam Əməkdaşlıq Təşkilatına sədrliyi öz üzərinə götürməsi xüsusi əhəmiyyət daşıyır.
"Bu mərhələ ölkəmizə İslam həmrəyliyinin daha da möhkəmləndirilməsi, üzv dövlətlər arasında əməkdaşlığın yeni səviyyəyə yüksəldilməsi və dayanıqlı inkişaf naminə birgə fəaliyyətin genişləndirilməsi istiqamətində əlavə imkanlar yaradacaq. Azərbaycanın indiyədək nümayiş etdirdiyi prinsipial mövqe və uğurlu təcrübə göstərir ki, ölkəmiz bu məsul missiyanı da yüksək səviyyədə yerinə yetirəcək", - deyə o fikrini yekunlaşdırıb.

