26 İyun - Silahlı Qüvvələr Günü müstəqil dövlətimizin gücünün ifadəsidir - RƏY

Siyasət Materials 25 İyun 2026 16:17 (UTC +04:00)
26 İyun - Silahlı Qüvvələr Günü müstəqil dövlətimizin gücünün ifadəsidir - RƏY
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

26 İyun – Silahlı Qüvvələr Günü Azərbaycanın dövlətçilik tarixində xüsusi əhəmiyyətə malik olan əlamətdar günlərdən biridir.

Bu sözləri Trend-ə açıqlamasında Milli Məclisin deputatı Afət Həsənova deyib.

Deputat bildirib ki, bu tarix təkcə ordumuzun yaranmasının deyil, həm də müstəqil dövlətimizin gücünün, xalqımızın iradəsinin və vətənpərvərlik ruhunun təntənəsinin ifadəsidir:

“Bu gün qürurla qeyd etdiyimiz Azərbaycan Ordusu uzun və şərəfli inkişaf yolu keçərək regionun ən güclü hərbi qüvvələrindən birinə çevrilmişdir. Bu uğurların təməlində isə Ulu Öndər Heydər Əliyevin uzaqgörən dövlətçilik siyasəti dayanır. Hələ sovet dövründə Azərbaycanın hərbi kadr potensialının formalaşdırılması istiqamətində atılan addımlar, Cəmşid Naxçıvanski adına Hərbi Liseyin yaradılması, minlərlə azərbaycanlı gəncin hərbi təhsil müəssisələrinə göndərilməsi gələcək müstəqil Azərbaycan Ordusunun əsasını təşkil etmişdir.

Ümummilli Lider Heydər Əliyev hər zaman ordunu dövlətçiliyin əsas dayaqlarından biri hesab edirdi. Onun "Hər bir müstəqil dövlətin ordusu dövlətin əsas atributlarından biridir" fikri bu gün də öz aktuallığını qoruyur. Ulu Öndər həmçinin qeyd edirdi ki, "Xalqla ordunun birliyi həm xalqın qüdrətini, həm də ordunu daha da qüvvətli edir". Məhz bu prinsip Azərbaycan Ordusunun inkişaf strategiyasının əsas sütunlarından birinə çevrilmişdir.

1990-cı illərin əvvəllərində ölkəmiz ağır sınaqlarla üzləşdiyi dövrdə nizami ordunun yaradılması və dövlətçiliyin qorunması məhz Heydər Əliyevin qətiyyətli rəhbərliyi sayəsində mümkün oldu. Onun başladığı ordu quruculuğu siyasəti cənab Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilərək yeni mərhələyə yüksəldildi.

Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun maddi-texniki bazası gücləndirildi, ən müasir silah və texnikalarla təchiz olundu, hərbi sənaye kompleksi yaradıldı, şəxsi heyətin peşəkarlığı və döyüş hazırlığı əhəmiyyətli dərəcədə artırıldı. Dövlət başçısının vurğuladığı kimi, "Biz elə bir güclü ordu yaratmışıq ki, istənilən vəzifəni icra edə bilərik". Bu fikir artıq sadəcə bir bəyanat deyil, döyüş meydanında sübut olunmuş həqiqətdir”.

A.Həsənova bildirib ki, Azərbaycan Ordusunun qüdrəti ilk növbədə 2016-cı ilin Aprel döyüşlərində özünü göstərdi: “Həmin döyüşlər xalqımıza qələbə ruhunu qaytardı və ordumuzun qarşısında duran strateji hədəflərə nail olmaq iqtidarında olduğunu nümayiş etdirdi. 2018-ci ildə Günnüt əməliyyatı isə növbəti mühüm uğur kimi tarixə yazıldı.

Lakin Azərbaycan Ordusunun ən böyük zəfəri 2020-ci ildə Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazanılan 44 günlük Vətən müharibəsidir. Azərbaycan xalqı 30 ilə yaxın davam edən işğala son qoyaraq öz tarixi torpaqlarını azad etdi. Şanlı Ordumuz cəmi 44 gün ərzində yüzlərlə yaşayış məntəqəsini, o cümlədən Şuşa kimi müqəddəs şəhərimizi işğaldan azad etdi və Ermənistanı kapitulyasiya aktını imzalamağa məcbur etdi.

Cənab Prezident İlham Əliyevin dediyi kimi: "Bu 44 gün ərzində əldə edilmiş Qələbə bizim hərbçilərimizin peşəkarlığı, qəhrəmanlığı hesabına qazanılıb". Həqiqətən də, Azərbaycan hərbçiləri Vətən sevgisinin, qəhrəmanlığın və fədakarlığın ən yüksək nümunəsini nümayiş etdirdi. Minlərlə şəhidimizin qanı və qəhrəman hərbçilərimizin şücaəti sayəsində ölkəmizin ərazi bütövlüyü bərpa olundu.

44 günlük Vətən müharibəsində əldə edilən möhtəşəm Qələbə 2023-cü ilin sentyabrında həyata keçirilən lokal xarakterli antiterror tədbirləri nəticəsində tam məntiqi sonluğuna çatdı. Cəmi bir gün davam edən uğurlu əməliyyat nəticəsində Azərbaycanın dövlət suverenliyi ölkəmizin bütün ərazisində tam təmin edildi. Bununla da dövlətçilik tariximizin ən mühüm məqsədlərindən biri reallaşdırıldı”.

Deputat vurğulayıb ki, bu gün Azərbaycan Ordusu yeni inkişaf mərhələsinə qədəm qoyub: “Komando birliklərinin yaradılması, Milli Müdafiə Universitetinin fəaliyyəti, Türkiyə Silahlı Qüvvələrinin təcrübəsinin tətbiqi, müasir hərbi texnologiyaların mənimsənilməsi və beynəlxalq əməkdaşlığın genişləndirilməsi ordumuzun daha da güclənməsinə xidmət edir.

Qürur hissi ilə qeyd etməliyik ki, artıq Silahlı Qüvvələr Gününü qalib xalq və müzəffər ordu olaraq qeyd edirik. Cənab Prezident İlham Əliyevin ifadə etdiyi kimi, "Biz Silahlı Qüvvələr Gününü artıq müzəffər ordu kimi, qalib xalq kimi qeyd edirik".

Əminliklə deyə bilərik ki, Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu və cənab Prezident İlham Əliyevin uğurla davam etdirdiyi ordu quruculuğu siyasəti bundan sonra da Azərbaycan dövlətinin təhlükəsizliyinin, müstəqilliyinin və milli maraqlarının etibarlı təminatçısı olacaqdır.

26 İyun – Silahlı Qüvvələr Günü münasibətilə bütün hərbi qulluqçularımızı, Vətənimizin keşiyində dayanan əsgər və zabitlərimizi, qazilərimizi, veteranlarımızı ürəkdən təbrik edir, şəhidlərimizin əziz xatirəsini dərin ehtiramla yad edirəm. Azərbaycan Ordusu xalqımızın qürur mənbəyi olaraq bundan sonra da dövlətimizin gücünü və qüdrətini bütün dünyaya nümayiş etdirəcəkdir”.

Xəbər lenti

Xəbər lenti