Bakı. Trend:
ABŞ ümid edir ki, 2026-cı il FIFA dünya çempionatına gələn qonaqlar ölkənin futbola sevgisini və Amerika qonaqpərvərliyini yadda saxlayacaqlar.
Bunu Trend-ə Bakıda ABŞ səfirliyinin təşkil etdiyi "USA–Türkiye World Cup Watch Party" tədbiri çərçivəsində ABŞ-nin Azərbaycandakı səfirliyinin nümayəndəsi Entoni Trankina deyib.
Onun sözlərinə görə, bir çoxları səhvən amerikalıların futbolla maraqlanmadığını düşünür, lakin dünya çempionatı oyunlarındakı ab-hava bunun əksini sübut edir. Trankina qeyd edib ki, 1994-cü ildə ABŞ-da keçirilən FIFA dünya çempionatı onun özündə də futbola maraq oyadıb.
O bildirib ki, turnir həm amerikalıları, həm də dünyanın müxtəlif ölkələrindən gələn qonaqları bu idman növünü sevməyə ruhlandıracaq.
“Düşünürəm ki, ABŞ-nin meksikalı tərəfdaşlarımızla birlikdə dünya çempionatına ev sahibliyi etdiyini görəndə bu, həm amerikalılara, həm də dünyanın hər yerindən gələn qonaqlara futbolu sevdirmək imkanı yaradacaq”, - deyə Trankina bildirib.
İdmanın insanları birləşdirən rolundan danışan səfirlik nümayəndəsi qeyd edib ki, diplomatik fəaliyyəti ona müxtəlif ölkələrdə, o cümlədən Azərbaycanda yaşamaq və işləmək imkanı verib.
“Mənə elə bir karyera qismət olub ki, dünyanın müxtəlif ölkələrinə səyahət edə bilirəm və Azərbaycan xidmət etdiyim altıncı ölkədir. Mən yaşadığım ölkələri dəstəkləyir, onların azarkeşi olur və futbol komandalarına dəstək verirəm”, - deyə o bildirib.
Onun sözlərinə görə, bir çox amerikalılar təkcə ABŞ milli komandasını deyil, həm də ailələrinin mənşəyi bağlı olan və ya dostlarının yaşadığı ölkələrin milli komandalarını dəstəkləyirlər.
“Biz dünyanın hər yerindən insanların yaşadığı bir ölkəyik. Mən özüm italyan əsilliyəm və bu il İtaliya dünya çempionatında iştirak etməsə də, onu dəstəkləyən qohumlarım var”, - deyə Trankina qeyd edib.
O vurğulayıb ki, bu, dünya çempionatının ev sahiblərindən biri olan ABŞ-ın açıqlığını və qonaqpərvərliyini əks etdirir.
“Bu göstərir ki, ABŞ bütün dünyanı salamlayan bir ölkədir. Biz Amerika qonaqpərvərliyini nümayiş etdirmək, ölkəmizin turizm imkanlarını göstərmək istəyirik və 2026-cı ildə bütün dünyanı qəbul etməkdən məmnun olacağıq”, - deyə səfirlik nümayəndəsi əlavə edib.
