Bakı. Trend:
"Lockheed Martin" korporasiyası uzaqmənzilli zərbələrin endirilməsi imkan verən yeni nəsil hipersəs planerləşən döyüş bloku hazırlayıb.
Bu barədə şirkətin məlumatında deyilir.
"Mövcud modellərlə müqayisədə yeni planerləşən uçuş aparatı daha yüksək sürətə və uçuş məsafəsinə malikdir. Layihədə əsas diqqət istehsal xərclərinin azaldılmasına və genişmiqyaslı istehsal imkanlarının yaradılmasına yönəlib", - məlumatda bildirilib.
Yeni döyüş blokunun texniki xüsusiyyətləri açıqlanmır. Şirkətin məlumatına görə, növbəti nəsil planerləşən döyüş bloku (Next Generation Glide Body – NXGB) daha əvvəl uzaqmənzilli hipersəs raketləri (LRHW) üçün hazırlanmış CHGB planerləşən blokunun konusvari formasından fərqli konstruksiyaya malikdir. Bu konstruksiya daha yüksək qaldırıcı qüvvə-müqavimət nisbətini təmin edəcək.
NXGB döyüş bloku ilə təchiz olunmuş hipersəs raketinin ilk uçuş sınağının 2027-ci ildə keçirilməsi planlaşdırılır.
Şirkət bu yeni hazırlıq barədə ABŞ Ordusunun aprel ayında "Lockheed Martin" tərəfindən hazırlanmış CHGB planerləşən döyüş blokunun gələcək satınalmalarından imtina edərək daha ucuz alternativlərə üstünlük verəcəyini açıqlamasından sonra məlumat yayıb. Bu qərar CHGB ilə bağlı bütün uçuş sınaqları başa çatdırıldıqdan və yazın əvvəlində həmin döyüş bloku ilə təchiz olunmuş ilk raketlərin qoşunlara təhvil verilməsinin planlaşdırılmasına baxmayaraq qəbul edilib.
CHGB səs sürətindən beş dəfə artıq (təxminən saatda 6 min kilometr) sürət yığa bilir. Aparat hündürlük və istiqamət üzrə manevr etmək qabiliyyətinə malik olduğundan raketdən müdafiə sistemləri tərəfindən aşkarlanması çətinləşir.
Lakin əvvəlki hipersəs sisteminin yüksək dəyəri və mürəkkəb konstruksiyası onun istehsalını ildə 24 raketlə məhdudlaşdırırdı. Bir raketin dəyəri isə 35-40 milyon ABŞ dolları arasında dəyişirdi.
