Bakı. Trend:
Həftəsonu bəzi çaylarda sululuğun artacağı, bəzi dağ çaylarında isə qısamüddətli daşqın və sel hadisələrinin baş verəcəyi, eyni zamanda bəzi həssas ərazilərdə subasma halları ehtimal olunur.
Bu barədə məlumat Milli Hidrometeorologiya Xidmətinin rəsmi saytında dərc olunub.
Bakıda və Abşeron yarımadasında iyunun 27-si axşamdan 28-i səhərədək gözlənilən yağış leysan xarakterli intensiv olacaq, şimşək çaxacaq.
Milli Hidrometeorologiya Xidmətinin məlumatına əsasən gecə saatlarında yağışın qısa müddətə güclənəcəyi ehtimalı var. İyunun 28-də havanın nisbətən sərin keçəcəyi gözlənilir.
Azərbaycanın rayonlarında müşahidə olunan qeyri-sabit, fasilələrlə yağıntılı hava şəraitinin iyunun 28-i axşamadək davam edəcəyi gözlənilir. Ayrı-ayrı yerlərdə yağıntıların intensiv və güclü olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var.
Çaylarda, o cümlədən Kür, Araz və Qanıx çaylarında sululuğun artacağı, bəzi dağ çaylarında isə qısamüddətli daşqın və sel hadisələrinin baş verəcəyi, eyni zamanda bəzi həssas ərazilərdə subasma halları ehtimal olunur.
Qeyd edək ki, iyunun 27-də Bakıda və Abçeron yarımadasında havanın temperaturu gecə 19-22° isti, gündüz 26-29° isti olacaq. Atmosfer təzyiqi 757 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 70-80 %, gündüz 55-60 % olacaq.
Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir leysan xarakterli yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv və güclü olacağı, dolu düşəcəyi ehtimalı var. Gecə və səhər bəzi dağlıq ərazilərdə duman olacaq. Qərb küləyi bəzi yerlərdə arabir güclənəcək.
Havanın temperaturu gecə 18-22° isti, gündüz 25-29° isti, dağlarda gecə 8-13° isti, gündüz 15-20°, bəzi yerlərdə 23-26° isti olacaq.
