Yunanıstan Azərbaycandan təbii qaz idxalını artırıb

Energetika Materials 26 İyun 2026 12:40 (UTC +04:00)
Yunanıstan Azərbaycandan təbii qaz idxalını artırıb
Aytac Şirəliyeva
Aytac Şirəliyeva
Bütün xəbərlər

Bakı. Trend:

Cari ilin yanvar-aprel aylarında Azərbaycandan Yunanıstana 151,7 milyon ABŞ dolları dəyərində 342,7 milyon kubmetr (qaz halında) təbii qaz ixrac edilib.

Bu barədə Dövlət Statistika Komitəsinin dərc etdiyi "Azərbaycanın 2026-cı ilin yanvar-aprel ayları üzrə xarici ticarət əlaqələri" hesabatında qeyd olunub.

Qurumun məlumatına görə, ötən ilin eyni dövrü ilə müqayisədə bu göstərici dəyər ifadəsində 11,7 milyon ABŞ dolları və ya 7,2 faiz azalıb, həcm ifadəsində isə 56,1 milyon kubmetr və ya 19,6 faiz artıb.

Ümumilikdə, 2026-cı ilin yanvar-aprel aylarında Azərbaycan 8 ölkəyə 2,536 milyard ABŞ dolları dəyərində 8,416 milyard kubmetr (qaz halında) təbii qaz ixrac edib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 53 milyon ABŞ dolları və ya 17,3 faiz az, həcm ifadəsində isə 256 milyon kubmetr və ya 3,1 faiz çoxdur.

Bundan əlavə, 2026-cı ilin yanvar-aprel aylarında Azərbaycan bir ölkədən – İran İslam Respublikasından 11,307 milyon ABŞ dolları dəyərində 168 milyon kubmetr (qaz halında) təbii qaz idxal edib. Ötən ilin yanvar-aprel aylarında İrandan Azərbaycana təbii qaz ixracı ilə bağlı məlumat dərc edilməyib.

Qeyd edək ki, daha əvvəl Avropa İttifaqının enerji və mənzil məsələləri üzrə komissarı Dan Yorgensen Trend-ə müsahibəsində bildirib ki, son illərdə Avropa İttifaqı Azərbaycandan təbii qaz idxalını əhəmiyyətli dərəcədə artırıb və hazırda Azərbaycanın ümumi qaz ixracının təxminən yarısı Avropa bazarının payına düşür.

“Bu ilin yanvarında Trans-Adriatik Boru Kəmərinin ilk genişləndirilməsi həyata keçirildi – illik əlavə 1,2 milyard kubmetr ötürmə gücü yaradıldı ki, bu da 2026-cı ildə Avropa bazarına əlavə qaz tədarükü deməkdir. İqtisadi effekti də unutmaq olmaz: Cənub Qaz Dəhlizi istifadəyə verildiyi vaxtdan Azərbaycan iqtisadiyyatının inkişafında mühüm hərəkətverici qüvvəyə çevrilib. Trans-Adriatik Boru Kəməri ilə kommersiya tədarüklərinin başlanmasından etibarən 2024-cü ilədək İtaliya, Yunanıstan və Bolqarıstana qaz ixracı Azərbaycana təxminən 24 milyard avro gəlir gətirib. Bu, real və hiss olunan artımdır”, - deyə o bildirib.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti