Bakı. Trend:
Avropa Komissiyasının prezidenti Ursula fon der Lyayen gələn həftə Avropa İttifaqının regionla tərəfdaşlığını gücləndirmək səylərinin bir hissəsi olaraq Cənubi Qafqaza səfər edəcək.
Bu barədə Avropa Komissiyasının baş sözçüsü Paula Pinho bu gün keçirilən mətbuat brifinqində bildirib.
Onun sözlərinə görə, fon der Lyayen ilk olaraq iyulun 1-də Azərbaycana, daha sonra Ermənistana səfər edəcək.
Pinho deyib ki, Lyayen Azərbaycan və Ermənistan arasında davamlı sülhə Avropanın dəstəyini təmin etmək üçün regiona səfər edir.
O əlavə edib ki, səfərin zamanı sülh, nəqliyyat-kommunikasiya və iqtisadi inteqrasiya, xüsusilə Avropa, Cənubi Qafqaz və Mərkəzi Asiya arasında regional əlaqənin inkişaf etdirilməsinə xüsusi diqqət yetiriləcək.
Bu, Ursula fon der Lyayenin 2022-ci ilin iyul ayında Avropaya əlavə təbii qaz tədarükünü təmin etmək üçün Azərbaycana səfər etməsindən bəri Bakıya ilk səfəri olacaq. Həmin səfər zamanı 2027-ci ilə qədər Azərbaycan qazının Aİ-yə ixracını ikiqat artırmağı hədəfləyən enerji tərəfdaşlığı müqaviləsi imzalanıb.
